Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirilib - ƏLAVƏ OLUNUB

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirilib - ƏLAVƏ OLUNUB Bu, faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağıdır
Biznes
30 İyun , 2017 12:47
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirilib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 12:17-də verilib

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (Işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Rəqəmsal Ticarət Qovşağının Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində keyfiyyətcə yeni rolunu müəyyən etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir.

V.Qasımlının sözlərinə görə, qovşaq yaradılarkən Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb: "Azərbaycandan əvvəl belə qovşağı yalnız Böyük Britaniya 2016-cı ildə təqdim edib".

"Rəqəmsal Ticarət Qovşağı bir neçə istiqamətdə fəaliyyət göstərəcək. İlk növbədə, Azərbaycanda elektron imzaların, o cümlədən ASAN-İmzanın qeyri-rezidentlərə təqdim edilməsi həyata keçiriləcək. Bu o deməkdir ki, istənilən şəxs Azərbaycana gəlmədən Azərbaycanın elektron imzasını, eyni zamanda ASAN-İmzanı bu qovşaq üzərindən əldə edə biləcək. Bu imkan verəcək ki, qeyri-rezident imzaları əldə etdikdən sonra Azərbaycanda bütün əməliyyatları həyata keçirsin, MMC yaratsın, bankda hesab açsın, idxal-ixrac əməliyyatları həyat keçirsin. Bu, həm də Azərbaycanda ixracın genişlənməsi, investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək", - deyə İİTKM başçısı qeyd edib.

Onun sözlərinə görə, Qovşaq çərçivəsində İİTKM həm də ixracın vahid pəncərəsini onlayn qaydada təqdim edir.

***

"Azexport" portalının rəhbəri Zaur Qardaşov Rəqəmsal Ticarət Qovşağının elektron versiyasının təqdimatını edib. O bildirib ki, Qovşaq elektron pul kisəsi və elektron imza, o cümlədən ASAN-İmzanı qeyri-rezidentlərə təqdim etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələsini daha da asanlaşdıracaq: "Bundan başqa, Qovşaq qeyri-rezidentlərə elektron imza, o cümlədən, ASAN-İmzadan istifadə edərək, Azərbaycanda müəssisə, bank hesabları açmağa, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək".

Portal vasitəsi ilə bu əməliyyatların elektron qaydada reallaşdırılması qaydaları sahibkarlara təqdim olunub.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatında ixracın genişləndirilməsi, investiyaların cəlbi baxımından əhəmiyyətlidir.

ASK-nın prezidenti Məmməd Musayev isə bildirib ki, sahibkarların qlobal bazara çıxması və yeni texnologiyalardan faydalanması baxımından Rəqəmsal Ticarət Qovşağı vacib rola malikdir.

Təqdimat mərasimində "Azexport" portalı, Rəqəmsal Ticarət Qovşağı ilə bağlı bir neçə tanıtım çarxı nümayiş etdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında"fərmanı ilə yaradılan bu qovşağın operatoru İİTKM-dir.

Son xəbərlər

Orphus sistemi