Yuxarı
    Bağlamaq

    Azərbaycanın Patent və Əmtəə Nişanları Mərkəzi Rusiyanın Dövlət Əqli Mülkiyyət Akademiyası ilə əməkdaşlıq edəcək

    Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın Patent və Əmtəə Nişanları Mərkəzində Rusiyanın Ali Təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi - Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Blizneslə görüş keçirilib.

    Bu barədə “Report”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.

    Məlumata görə, görüşdə komitənin sədr müavini Niyazi Rəhimov Azərbaycanda patent hüququ obyektlərinin mühafizəsi sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən patent sistemində idarəetmənin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə komitə Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxsini təsis edib. Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində ardıcıl islahatlar aparıldığını deyən N.Rəhimov yeni yaradılmış qurumun fəaliyyətinin bu sahədə mühüm olduğunu qeyd edib. O, əqli mülkiyyət sahəsində ölkələr arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini də qonağın diqqətinə çatdırıb.

    İ.Bliznes də Azərbaycanın əqli mülkiyyət sahəsində mühüm nailiyyətlər qazandığını, patent sisteminin inkişafında qarşılıqlı əməkdaşlığın davam edəcəyini vurğulayıb.

    Sonra Patent və Əmtəə Nişanları Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən Mərkəzinin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva, Rusiya tərəfdən isə İ.Bliznes imzalayıblar.

    Sazişdə tərəflər arasında əməkdaşlığın həyata keçirilməsi, elmi-praktiki fəaliyyətin əsas istiqamətlərinə həsr olunan simpozium, konfrans, seminarların təşkili, birgə layihə, proqramların icrası, kadr mübadiləsi, informasiya dəstəyinin göstərilməsi, birgə materialların nəşri, həmçinin mərkəzdə akademiyanın tələbələrinin təcrübə keçmələrinə şəraitin yaradılması nəzərdə tutulub.

    İ.Bliznes Patent və Əmtəə Nişanları Mərkəzində mütəxəssislər üçün yaradılan şəraitlə tanış olub, onların suallarını cavablandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi