​Azərbaycanın iqtisadiyyat və sənaye naziri ABŞ-ın ticarət missiyasını qəbul edib

​Azərbaycanın iqtisadiyyat və sənaye naziri ABŞ-ın ticarət missiyasını qəbul edib Görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub
Biznes
19 Noyabr , 2015 19:48
​Azərbaycanın iqtisadiyyat və sənaye naziri ABŞ-ın ticarət missiyasını qəbul edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan ABŞ Ticarət Departamentinin katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lallinın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Ş.Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin genişləndiyini, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib. ABŞ nümayəndə heyətinin Azərbaycana geniştərkibli səfəri də ölkələr arasında əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir. Qeyd olunub ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün lazımi hüquqi baza mövcuddur. Hazırda Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir, bu ilin 9 ayında ölkələr arasında ticarət dövriyyəsi 5% artıb. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulub. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər) çərçivəsində azərbaycanlı gənclər ABŞ universitetlərində təhsil alırlar. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan nazir qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, eləcə də sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

ABŞ Ticarət Departamentinin katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini M.Lalli ABŞ ticarət missiyasının Azərbaycana səfərinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədini daşıdığını, səfər çərçivəsində iş adamları arasında keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, iş adamları ilə keçirilmiş görüşlər zamanı sahibkarlar Azərbaycan Prezidentinin ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində qəbul etdiyi qərarları yüksək qiymətləndirirlər. M.Lalli Azərbaycanda sahibkarlığın inkişafı sahəsində atılan son addımların ABŞ-da da müsbət qarşılandığını diqqətə çatdırıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən sahibkarlığın inkişafı sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini, ABŞ-ın bu sahədə ölkəmizə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Görüşdə həmçinin, Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi