Azərbaycanın investisiya imkanları BƏƏ-dən olan iş adamlarına təqdim edilib

Azərbaycanın investisiya imkanları BƏƏ-dən olan iş adamlarına təqdim edilib Bu gün iki ölkə arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək
Biznes
20 Aprel , 2017 14:06
Azərbaycanın investisiya imkanları BƏƏ-dən olan iş adamlarına təqdim edilib

Bakı. 20 aprel. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-yə səfər çərçivəsində “DP World Group” şirkətinin rəhbərliyi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasına məsləhət xidməti göstərən şirkətin gördüyü işlər barədə məlumat verilib, məsləhət xidmətləri üzrə təqdimat keçirilib, sənaye və logistika infrastrukturu üçün Baş Plan, Zonanın inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri və s. barədə müzakirələr aparılıb.

Sonra nümayəndə heyəti BƏƏ-nin “VPS Healthcare” şirkətinin rəhbərliyi ilə görüşüb. Ş. Mustafayev hazırda Azərbaycanda əczaçılıq sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını və artıq parkda 2 dərman istehsalı zavodunun tikintisinin aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, bununla belə əczaçılıq sahəsinə maraq göstərən digər şirkətlərlə danışıqlar davam etdirilir. Azərbaycanda səhiyyə sahəsinə investisiya yatırılması, o cümlədən birgə əczaçılıq müəssisəsinin yaradılması imkanları barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə bu ilin fevral ayında "VPS Healthcare" şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında Anlaşma Memorandumunun imzalandığı vurğulanıb, hazırlıq işlərinin tezliklə başa çatdırılması və əczaçılıq müəssisəsinin təməlinin qoyulması məsələsi müzakirə edilib. Görüşdə “VPS Healthcare” şirkəti ilə səhiyyə sahəsində digər əməkdaşlıq imkanları da müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin üzvləri "VPS Healthcare" şirkətinin Dubayda yerləşən səhiyyə müəssisəsində və dərman istehsalı zavodunda olub, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar. Məlumat verilib ki, səhiyyə sahəsində dünyada tanınmış şirkətlərdən olan "VPS Healthcare" şirkətinin 20 ixtisaslaşmış xəstəxanası, BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri, Dubayda əczaçılıq zavodu, Hindistanda stomatologiya kolleci və s. fəaliyyət göstərir. Ümumilkdə, "VPS Healthcare" şirkətinin 100 tibb müəssisəsi var. Şirkətin daha bir əczaçılıq zavodu Əbu Dabidə tikilir. Şirkətin dərman zavodunun məhsulları Asiya, Avropa, Şimali və Cənubi Amerikaya ixrac olunur.

Həmin gün Azərbaycan və BƏƏ-dən olan iş adamlarının iştirakı ilə biznes forum keçirilib. Dubay Ticarət və Sənaye Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, qida, tikinti, maliyyə, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Tədbirdə Azərbaycanın və BƏƏ-nin iqtisadiyyat nazirliklərinin, Dubay Ticarət və Sənaye Palatasının nümayəndələri çıxış edib, Azərbaycanın investisiya imkanlarının təqdimatı keçirilib. Forumda Azərbaycanın siyasi cəhətdən sabit, güclü iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə, əlverişli tranzit imkanlarına malik, investisiya qoyuluşu üçün cəlbedici ölkə olduğu vurğulanıb. Tədbirdə BƏƏ iş adamları Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmaqla sənaye, kənd təsərrüfatı, İKT, turizm kimi prioritet sahələrə sərmayə yatırmağa dəvət edilib. Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonra Azərbaycan şirkətlərinin təmsilçiləri BƏƏ-nin “Lulu” marketlər şəbəkəsində olub və marketlər şəbəkəsinin rəhbərliyi ilə görüşüblər. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların BƏƏ və Körfəz ölkələrində yerləşən “Lulu” marketlər şəbəkəsinin ticarət obyektlərində satışı barədə müzakirələr aparlılıb. Qeyd edilib ki, məhsullarımıza BƏƏ-də böyük maraq var, artıq Azərbaycan alması və müxtəlif çeşiddə kompotlar “Lulu” marketlər şəbəkəsində satışdadır. Bu şəbəkə Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə BƏƏ, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.

Azərbaycan iş adamları həmçinin, BƏƏ-nin “Union Cop” mağazalar şəbəkəsində olub və şirkət rəhbərliyi ilə görüşüblər. Görüşdə Azərbaycan məhsullarının, xüsusilə də meyvə-tərəvəzin “Union Cop” mağazalar şəbəkəsində satışına dair müzakirələr aparılıb. Qeyd edilib ki, artıq bəzi Azərbaycan məhsullarının “Union Cop” mağazalar şəbəkəsində satışı həyata keçirilir.

Bu gün isə Dubayda Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası və bir sıra ikitərəfli görüşlər keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi