Azərbaycanın biznes imkanları italyan iş adamlarına təqdim edilib

Azərbaycanın biznes imkanları italyan iş adamlarına təqdim edilib Moskvada İtaliyanın Rusiyadakı səfirliyinin dəstəyi ilə İtaliya şirkətləri üçün nəzərdə tutulan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın iqtisadi imkanlarının təqdimatına həsr olunmuş forum keçirilib.
Biznes
6 Noyabr , 2019 14:03
Azərbaycanın biznes imkanları italyan iş adamlarına təqdim edilib

Moskvada İtaliyanın Rusiyadakı səfirliyinin dəstəyi ilə İtaliya şirkətləri üçün nəzərdə tutulan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın iqtisadi imkanlarının təqdimatına həsr olunmuş forum keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən "Report"un Rusiya bürosuna verilən məlumata görə, forumda 200-dən çox italiyalı şirkət iştirak edib.

Tədbirdə azərbaycanlı səfiri Polad Bülbüloğlu çıxış edib. O, Rusiya və İtaliyanın Azərbaycan üçün mühüm iqtisadi tərəfdaş ölkələr olduqları qeyd edib.

Onun sözlərinə görə, son 20 il ərzində Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi İtaliyanı Azərbaycanın əsas ticarət tərəfdaşı olmasına şərait yaradıb. Əməkdaşlığın əsasən enerji sahəsində inkişaf etdiyi iştirakçıların diqqətinə çatdırılaraq, meyvə, tərəvəz, digər ərzaq məhsullarının birgə istehsalı və ticarəti üzrə də yeni layihələrin həyata keçirilməsi təklif edilib. Eyni zamanda, turizmin inkişafının Azərbaycan üçün xüsusi önəm daşıdığını nəzərə alaraq, bu sahədə yeni biznes layihələrin prioritet olduğu iş adamlarının diqqətinə çatdırılıb. "Azərbaycan Hava Yolları" QSC tərəfindən Bakı-Milan arasında birbaşa avia uçuşların həyata keçirildiyi vurğulanaraq, İtaliya şirkətləri tərəfindən də Bakı və Roma arasında birbaşa uçuşlara başlanması təklif edilib. Səfir biznes imkanlarının daha dərindən öyrənilməsi, habelə istirahət və gəzinti üçün italiyan iş adamlarını Azərbaycana dəvət edib.

Tədbirdə İtaliyanın Rusiyadakı səfiri Paskualle Tarraççano, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə səfiri Oljas İsabekov və Özbəkistanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Şoxrux Qulamov çıxış ediblər.

Çıxışlardan sonra keçirilmiş panel müzakirələrin Azərbaycan üzrə hissəsində ölkəmizdə fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri həmkarlarına təcrübələri haqqında söhbət açaraq, Azərbaycanda biznes üçün cəlbedici mühitin yaradıldığını vurğulayıblar. Bununla yanaşı Azərbaycan diskussiyada xüsusi diqqəti cəlb edən İtaliyanın şərabçılıq və dequstasiya sahəsində ixtisaslaşan tanınmış “Di Vine Consultinq” şirkətinin rəhbəri Andrea Ulivanın çıxışı olub. O, son 10 ildə Azərbaycanda şərabçılığın inkişafı sahəsində fəaliyyət göstərdiyini, Azərbaycanı ikinci vətəni hesab etdiyini bildirib, şərabçılıq sahəsində ölkədə son illərdə inanılmaz inkişafın baş verdiyini diqqətə çatdırıb. İtaliyalı iş adamlarını bu sahədə yeni biznes layihələrə dəvət edən A.Uliva, Azərbaycanın ləziz şərablar istehsal etdiyini bildirib. Xüsusi vurğulanıb ki, şərabçılığın inkişafına diqqət verən ölkə rəhbərliyi tez-tez üzüm plantasiyalarına baş çəkir və dinamikanı yerində izləməyə maraq göstərir.

İtaliya səfirliyinin dəstəyi ilə keçirilmiş forum nüfuzlu xarici investorların Azərbaycana marağını bir daha təsdiqlənib. Eyni zamanda seçilmiş format ölkəyə yeni texnologiyalar və sərmayələrin cəlb edilməsi baxımından effektivliyini göstərib. 

Qeyd edək ki, səfirlik Rusiyada fəaliyyət göstərən xarici iş adamlarının Azərbaycana cəlb edilməsi istiqamətində işləri davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi