Yuxarı
    Bağlamaq

    Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiya yaradılıb

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 13 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.

    Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.

    Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib.

    Ölkədə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasını, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.

    Sərəncama əsasən, aşağıdakı tərkibdə Komissiya və Komissiyanın Katibliyi yaradılıb:

    Komissiyanın sədri

    Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

    Komissiyanın üzvləri:

    Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

    Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

    İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

    Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru

    Məmməd Musayev – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

    Komissiyanın Katibliyinin rəhbəri

    Elxan Mikayılov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri.

    Komissiyaya tapşırılıb ki, bu sərəncamda qeyd olunan dövlət qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində Komissiyanın Katibliyinin formalaşdırılmasını təmin etsin, sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, bu sərəncamda müəyyən olunmuş istiqamətlər nəzərə alınmaqla, tədbirlər planının layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    Müəyyən edilib ki, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə bu sərəncama əsasən yaradılan Komissiyanın Katibliyinin üzvləri Komissiya üzvlərinin təklifi ilə onların təmsil etdiyi qurumların nümayəndələrindən ibarət olmaqla, Komissiyanın sədri tərəfindən təsdiq olunur, bu sərəncamda nəzərdə tutulmuş təkliflərin və layihələrin hazırlanması işinə Komissiya tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qrupları yaradıla bilər.

    Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, bu sərəncamda nəzərdə tutulmuş hallarda Komissiyanın müraciəti əsasında maliyyələşdirmənin həyata keçirilməsini təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. 

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

    Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti dövlət qurumlarına tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onların müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını, habelə Komissiyanın fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsinlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi