Yuxarı

Azərbaycandan Moskvaya yüklərin çatdırılmasında əngəllər yaranıb

Rusiyanın yol vergisinə etdiyi dəyişikliklər nəqliyyat şirkətlərinin etirazına səbəb olub

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasının yol vergisi ilə bağlı ölkə qanunvericiliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub. Nəticədə, ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şikətlərin bəziləri tətil elan edərək işi dayandırıb. Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən "Report"a daxil olan məlumatda deyilir. Bildirilir ki, sərhədi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskvaətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.

Komitədən bildirilib ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir.

Xatırladaq ki, yaranmış problemin həlli ilə bağlı DGK rəsmi olaraq Rusiya Federal Gömrük Xidmətinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi