​Azərbaycandan özəl sektorun ixracda payı artır

​Azərbaycandan özəl sektorun ixracda payı artır Bu il ən az ixrac ötən ay qeydə alınıb
Biznes
26 May , 2015 16:19
​Azərbaycandan özəl sektorun ixracda payı artır

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycandan həyata keçirilən ixrac əməliyyatlarının strukturunda özəl sektorun payı artır. Cari ilin yanvar-aprel ayları ərzində ölkədən cəmi ixracın 10,89%-i və ya 465,1 mln. dolları özəl sektorun payına düşüb. Ötən ilin müvafiq dövründə isə özəl sektorun məcmu ixracda xüsusu çəkisi 4,81% olub.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin ilk 4 ayı ərzində həyata keçirilən idxal əməliyyatlarının əksəriyyətini özəl sektor əhatə edib. Məcmu idxalda özəl sektorun payı ötən ilin müvafiq dövründəki 68,84%-dən 74,97%-ə yüksəlib.

Hesabata əsasən, ixrac əməliyyatlarının həcminin ən yüksək həddi yanvarda, ən aşağı həddi isə apreldə qeydə alınıb. İdxal əməliyyatlarının isə ən yüksək həddi fevralda, ən aşağı həddi isə yanvarda müşahidə olunub.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 22,42% azalaraq 7,7 mlrd. dollar təşkil edib. Bunun da 3,4 mlrd. dolları idxal, 4,3 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb. Hesabat dövründə idxalın həcmi 24,46% artıb, ixrac isə 40,33% azalıb.

Son xəbərlər

Orphus sistemi