Azərbaycanda yeni dövlət qurumları yaradılıb

Azərbaycanda yeni dövlət qurumları yaradılıb Eyni zamanda, Dövlət Akkreditasiya və Metrologiya xidmətləri ləğv edilib
Biznes
19 Aprel , 2017 12:25
Azərbaycanda yeni dövlət qurumları yaradılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin qərarı ilə Azərbaycan Standartlaşdırma İnstitutu, Metrologiya İnstitutu, Akkreditasiya Mərkəzi, Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxsləri təsis edilib və nizamnamələri təsdiq edilib. Bu barədə “Report”a Komitədən məlumat verilib.

Təsis edilən publik hüquqi şəxslərin nizamnamələri aprelin 17-də Vergilər Nazirliyində qeydiyyata alınıb.

Eyni zamanda, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Akkreditasiya Xidməti, Dövlət Metrologiya Xidməti, SMPDK-nın tabeliyində olan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) ləğv edilməsi məqsədilə Ləğvetmə Komissiyaları yaradılıb. Ləğvetmə Komissiyalarına ləğvetmə prosesini qanunvericiliyin tələblərinə uyğun həyata keçirərək iki ay müddətində başa çatdırılması tapşırılıb.

Dövlət başçısının “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən, Azərbaycan Standartlaşdırma İnstitutu və Akkreditasiya Mərkəzi publik hüquqi şəxsləri milli standartlaşdırma qurumu və milli akkreditasiya qurumu kimi beynəlxalq təşkilatlara üzvlük və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması üçün beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə Xarici İşlər Nazirliyilə birlikdə müvafiq işlərə başlayıb.

Son xəbərlər

Orphus sistemi