Yuxarı

Azərbaycanda xarici investorların biznesə başlamaq proseduru sadələşdirilir

Azərbaycanda xarici investorların biznesə başlamaq proseduru sadələşdirilir
Xarici investorların Azərbaycana gəlmədən biznesə başlaya bilməsi üçün qanunvericilik bazası hazırlanır
© Report.az

Bakı. 16 iyun. REPORT.AZ/ Son illər Azərbaycanda biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib, mövcud vergi sistemi sahibkarlığı və ixracı təşviq edib.

“Report”un məlumatına görə, bu barədə “Xarici investisiyalar üçün əlverişli vergi mühiti” barədə təqdimatla çıxış edən Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva məlumat verib.

Onun sözlərinə görə, ötən müddət ərzində ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır. “Doing Business 2017” hesabatına görə, Azərbaycan "Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir.

S.Musayevə qeyd edib ki, hazırda Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla, cəmi 129 güzəşt və azadolma mövcuddur: “İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində son dövrlərdə vergi güzəşt və azadolmalarının sayı artıb”.

Onun sözlərinə görə, xarici investorların Azərbaycana gəlmədən biznesə başlaya bilməsi üçün qanunvericilik bazası hazırlanır, hökumətə müvafiq qanun layihəsi təqdim edilib: “Qeyri-rezidentlər Azərbaycandakı vergi ödəyicilərindən özlərinə vergi agenti təyin edib, onun köməyi ilə lazımi əməliyyatları apara biləcəklər”.

“Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin (DTA) inzibatçılıq qaydalarının sadələşdirilməsi” mövzusunda təqdimatda isə S.Musayeva digər dövlətlərlə bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlər şəbəkəsi, bu Sazişlərin vergi ödəyiciləri üçün yaratdığı imkanlar barədə məlumat verib. O, qeyd edib ki, DTA formaları sadələşdirilib, elektron müraciət etmək, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb.

"Bununla yanaşı, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi nəzərdə tutulur. Xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində intensiv işlər aparılır.Bütün bunlar vergi ödəyicilərinin xərclərinin optimallaşdırılması və biznesin təşviqinə xidmət edir, xarici biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibi və imzalanmasına, digər dövlətlərlə elektron məlumat mübadiləsi, transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə, xarici investorlar üzrə vergi və inzibati xərclərinin azalmasına imkan verir”, - deyə Nazirlik rəsmisi əlavə edib.

"Sıfır dərəcə ilə ƏDV üzrə elektron sertifikatların tətbiq edilməsi" mövzusunda təqdimatda isə S.Musayeva sertifikatın alınması prosesinin elektronlaşdırılması barədə məlumat verib. O deyib ki, e-sertifikatın alınması təchizatçının sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübut hesab ediləcək: “Podratçı və subpocratçı şirkətlər tərəfindən sertifikatın alınması prosesnin elektronlaşdırılması vergi ödəyicilərinin vaxt və inzibati xərclərinin əhəmiyyətli şəkildə azalmasına gətirəcək, sertifikatın verilməsi prosesinin sürətləndirilməsi, uçotun asanlıqla təşkil edilməsi, kağız dövriyyəsinin həcminin azaldılması və ƏDV bəyannaməsinin sadələşməsinə imkan verəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi