Yuxarı

Azərbaycanda ticarət obyektlərində qanunsuz yoxlama aparan şirkət aşkarlanıb

Faktla bağlı toplanan materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin apardığı araşdırmalar zamanı özlərini “Fakt Araşdırıcı-N” MMC-nin əməkdaşları kimi təqdim edən şəxslərin ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə etdiyi, “yoxlama"nın nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərindən müəyyən məbləğ ödənilməklə müqavilə bağlanmasını tələb etdikləri, əks təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub.

Nazirlikdən “Report”a verilən məlumata görə, bununla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyə edir.

Nazirlikdən bildiriblər ki, bu cür qanunsuz müdaxilələrlə rastlaşdıqda sahibkarlar İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat verə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi