Yuxarı

"Azərbaycanda qadın sahibkarlığının inkişafı" adlı konfrans keçirilir

Tədbirdə dövlət qurumları, ictimai birliklər, beynəlxalq təşkilatlar, səfirliklər və s. qurumların nümayəndələri iştirak edirlər

Bakı. 17 noyabr. REPORT. AZ/ Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Bakı Biznes Mərkəzində Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində "Azərbaycanda qadın sahibkarlığının inkişafı" adlı konfrans keçirilir.

"Report" xəbər verir ki, tədbirdə dövlət qurumları, ictimai birliklər, beynəlxalq təşkilatlar, səfirliklər, beyin mərkəzləri və universitetlərin nümayəndələri iştirak edirlər.
Tədbirdə iştirak edən ABŞ səfiri Robert Sekuta qeyd edib ki, ABŞ Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılması sahəsində çalışır: "Sahibkarlıq iqtisadi səlahiyyətlənmənin və iştirakçılığın artması üçün imkanlar yaradır". Həmçinin o, sahibkarlığın inkişafının sürətlənməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları alqışlayır və ABŞ hökumətinin islahatların davamlı və səmərəli olması üçün Azərbaycanla tərəfdaşlıq etməyə hazır olduğunu bir daha qeyd edib. 

Tədbirdə qeyd olunub ki, 2008-ci ildə təsis olunandan Qlobal Sahibkarlıq Həftəsi 160 ölkəyə əhatəsini genişləndirərək, bütün dünyada sahibkarlıq sistemlərini qurur və gücləndirir. Builki qlobal sahibkarlıq həftəsi çərçivəsində dünyanın müxtəlif yerlərində keçirilən 30 min tədbirdə təxminən 10 mln. insan iştirak edəcək.
USAID tərəfindən dəstəklənən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək Layihəsi"ni həyata keçirən ictimai birliklər konsorsiumu qadın sahibkarlığının genişləndirilməsinə dair konkret təkliflər və tövsiyələr paketi hazırlayıb.

ABŞ-ın qadınların iqtisadi imkanlarının artırılması səylərinin bir hissəsi olaraq Azərbaycanda 400 qadına kiçik sahibkarlıqla məşğul olmağa dəstək göstərmək məqsədilə USAID həmin konsorsiuma əlavə 500 min dollar məbləğində vəsait ayırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi