Yuxarı

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi bu il 9% artıb

Hesabat dövründə ictimai iaşə dövriyyəsinin həcmi isə illik müqayisədə 14% artıb

Bakı. 10 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,5 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5% çox əmtəə satılıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz bəndi artıb.

Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 1,5 dəfə artaraq 1 688,7 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7%-ni hüquqi şəxslər, 7,3%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,9%-ni qeyri-ərzaq malları təşkil edib.

Hesabat dövründə ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 14,3% artaraq 141,7 mln. manat olub. Hüquqi şəxslərin iaşə obyektləri üzrə dövriyyənin həcmi 60,4 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 81,3 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi