Azərbaycanda nağdsız ödənişlərin həcmi 12% artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 12% artıb Bölgələrdə POS-terminalların quraşdırılması prosesi aktivləşib
Biznes
27 May , 2015 11:47
Azərbaycanda nağdsız ödənişlərin həcmi 12% artıb

Bakı. 27 may. REPORT.AZ/ Banklar tərəfindən verilmiş sifarişlər üzrə təkcə keçən ildən indiyədək Azərbaycana 75 min ədəd POS-terminal gətirilib və onların bir hissəsi "kart vasitəsilə birbaşa təmas olmadan" istifadəni nəzərdə tutan xüsusi qurğulardır ki, bunlar inkişaf etmiş ölkələrdə son illərdə tətbiq edilir. Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

İlin əvvəlindən indiyədək respublikada POS-terminalların sayı 81,7 mindən 86 minə çatdırılıb. Fəaliyyətini dayandırmış iki minə yaxın obyekt üzrə POS-terminallar qeydiyyatdan çıxarılıb. İndiyədək quraşdırılmış POS-terminalların 62,4%-i Bakı şəhəri, 37,6%-i isə regionların payına düşür.

Bu il əlavə quraşdırılmış POS-terminalların sayında regionların payı daha çoxdur. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha fəal həyata keçirilir. May ayından bütün respublikada, xüsusilə Bakı və Mingəçevir şəhərlərində yerləşən 30 287 obyekt üzrə POS-terminalların işlək vəziyyətdə olması yoxlanılıb, onlardan 1 632-nin nasaz olduğu müəyyən edilib və 1 430-u təmir olunaraq obyektlərə qaytarılıb. Bu qurğuların işlək vəziyyətdə olması yoxlanılan zaman POS-terminallardan istifadə qaydaları bir daha vergi ödəyicilərinə və ya onların işçilərinə əyani şəkildə göstərilib.

Statistik göstəricilərə əsasən, POS-terminalların tətbiqinin genişləndirilməsi nağdsız dövriyyənin artmasına da tədricən təsir göstərir. Nağdsız ödənişlərin həcmi 2014-cü ilin ilk rübü ərzində 154 mln. manat olduğu halda, 2015-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 172 mln. manat təşkil edib və artım 12% olub.

Məlumata görə, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov bildirib ki, I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri də nağdsız əməliyyatların həcminin artırılması üçün bütün obyektlərdə, xüsusilə ticarət, xidmət və iaşə obyektlərində POS-terminalların quraşdırılması və istifadə edilməsidir.

Qurum rəsmisi Vergilər Nazirliyi tərəfindən yaradılmış qərargaha vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, istifadəsi, işlək vəziyyətdə olması, ondan istifadə qaydalarının mənimsənilməsinin nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işlərini diqqətdə saxlamaq həvalə edildiyini deyib. Bunun üçün vergi əməkdaşları təhkim edilib və müvafiq işlərin yerinə yetirilməsi istiqamətində operativ tədbirlərin həyata keçirilməsinə başlanıldığı açıqlanıb.


Son xəbərlər

Orphus sistemi