Yuxarı
    Bağlamaq

    Azərbaycanda malların ixrac və idxalından əldə olunan vəsaitlərin qeydiyyatına nəzarət gücləndirilir

    Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində toplantı keçirilib
    © Report.az

    Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət" mövzusunda toplantı keçirilib.

    “Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, mərasimə Azərbaycanda fəaliyyət göstərən 30-dan artıq yerli və xarici bankın nümayəndələri, eləcə də Komitənin və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mütəxəssisləri qatılıb.

    Toplantıda çıxış edən DGK-nın Baş İdarə rəisi İqbal Babayev deyib ki, "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları"nda dəyişikliklər edilməsi haqqında ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində yerli müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Elə bu fərmanla, ixrac olunan malların müqabilində əldə olunmuş vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə nəzarət müvafiq olaraq MBNP-ya və DGK-ya tapşırılıb.

    Onun sözlərinə görə, tapşırığı yerinə yetirmək üçün DGK "Gömrük Bəyannamələri haqqında məlumatın verilməsi" elektron gömrük xidmətini hazırlayaraq bankların istifadəsinə verib. Bu xidmət vasitəsilə müvəkkil banklar VÖEN-ini və gömrük bəyannaməsinin qeydiyyat nömrəsini daxil etməklə gömrük bəyannaməsini elektron formada əldə edir və həmin bəyannamələr üzrə aparılan maliyyə əməliyyatları haqqında məlumatları müvafiq xanalara daxil edirlər. Banklar tərəfindən daxil edilən həmin məlumatlar əsasında hesabat hazırlanır və MBNP-ya ötürülür. Eyni zamanda, hesabatda konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində daxil olan valyuta vəsaiti haqqında məlumat əks olunur.

    Konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində valyuta vəsaitinin Azərbaycana vaxtında köçürülməsinə nəzarət gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə həyata keçirilir. Valyuta vəsaitinin vaxtında köçürülməsini təmin etməyən şirkətlərin bəyannamələr üzrə məlumatları hazırlanır və bu məlumatlar da MMBP-ya ötürülür.

    İqbal Babayev onu da qeyd edib ki, həyata keçirilən layihənin məqsədi yalnız ixrac olunan malların müqabilində valyuta vəsaitinin Azərbaycana vaxtında köçürülməsinə nəzarətdən ibarət deyil. Daha bir məqsəd banklar, həm də hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal olunan malların müqabilində xarici ölkələrə köçürülən valyuta vəsaitinin qeydiyyatını aparmağa imkan yaratmaq və ona nəzarəti gücləndirməkdir.

    Tətbiq olunan layihə ölkədən qanunsuz yolla pul vəsaitinin çıxarılmasına ciddi nəzarət etməyə və bu halların qarşısını vaxtında almağa imkan yaradacaq. Bu mexanizm əsasən elektron gömrük bəyannaməsi sistemi əsasında qurulub ki, nəticədə banklar yalnız ödəniş nəzərdə tutulan elektron gömrük bəyannamələri üzərində əməliyyat apara biləcək və həmin bəyannamələrə baxış imkanı veriləcək. Eyni zamanda, banklara təqdim olunan gömrük bəyannamələrinə əsasən malın dəyərinin hamısı və ya bir hissəsinin əvvəlcədən, yəni avans şəklində ödənildiyi haqqında da məlumatlar veriləcək.

    Öz növbəsində, MBNP-nin Direktorlar Şurasının üzvü İlqar Muradov çıxış edərək "Konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət sistemi"nin tətbiq edilməsinin önəminə toxunub və bu layihənin uğurla həyata keçirilməsi üçün Palatanın da öz səylərini əsirgəməyəcəyini bildirib.

    Onun sözlərinə görə, bank əməkdaşları ilə görüşdə məqsəd sistemin tətbiqi ilə əlaqədar onların üzləşə biləcəyi bəzi problemləri yerindəcə araşdırmaq, məsələlərin birgə həllinə çalışmaqdır. Bu prosesdə bank sektorunun təklif və rəylərinin öyrənilməsinin də zəruri olduğunu söyləyən İlqar Muradov tədbir iştirakçılarını açıq müzakirələrə və aktiv olmağa dəvət edib.

    Daha sonra "Konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət sistemi" nin təqdimatı keçirilib, DGK və MBNP-nin mütəxəssisləri təqdim olunan sistemlə bağlı tədbir iştirakçılarını təlimatlandırıb, sistemin tətbiqi ilə əlaqədar meydana çıxan bəzi məsələlərə aydınlıq gətiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi