Azərbaycanda layihələrin idarə edilməsi sahəsində nüfuzlu beynəlxalq təşkilatın nümayəndəliyi yaradılır

Azərbaycanda layihələrin idarə edilməsi sahəsində nüfuzlu beynəlxalq təşkilatın nümayəndəliyi yaradılır Bakı. 18 dekabr. REPORT.AZ/ Layihələrin İdarə Olunması İnstitutunun (PMI) formalaşmaqda olan Azərbaycan nümayəndəliyinin ilk toplantısı keçirilib.
Biznes
18 Dekabr , 2017 17:30
Azərbaycanda layihələrin idarə edilməsi sahəsində nüfuzlu beynəlxalq təşkilatın nümayəndəliyi yaradılır

Bakı. 18 dekabr. REPORT.AZ/ Layihələrin İdarə Olunması İnstitutunun (PMI) formalaşmaqda olan Azərbaycan nümayəndəliyinin ilk toplantısı keçirilib.

“Report”a daxil olan məlumata görə, tədbirdə Azərbaycanın neft, maliyyə, informasiya texnologiyaları, telekommunikasiya, sənaye, tikinti, xidmət və digər sferalarında fəaliyyət göstərən və PMI-ın sertifikatlaşdırdığı peşəkar layihə menecerləri iştirak edib.

Toplantının məqsədi PMI-ın Azərbaycan nümayəndəliyinin fəaliyyəti və gələcək planları barədə iştirakçıları məlumatlandırmaq, eyni zamanda Azərbaycanda layihələrin idarə edilməsi sahəsində peşəkar bilik və təcrübənin təşviq edilməsi olub. Nümayəndəliyin yaradılması Azərbaycanda müxtəlif sahələrdən olan peşəkar layihə menecerlərinin hazırlanması, bu sahədə mövcud beynəlxalq standartların tətbiqi, layihələrin idarə edilməsi sahəsində bilik və vərdişlərin təşviqi, habelə bu istiqamətdə ölkədə fəaliyyət göstərən müəssisələr və təhsil ocaqları ilə əməkdaşlığa imkan verəcək.

Hazırda Azərbaycanda PMI sertifikatı olan, dövlət və özəl sektorda çalışan 107 layihə meneceri var. Bunun isə 50-si institutun üzvü statusu alıb.

Xatırladaq ki, layihələrin idarə edilməsi sahəsində ən nüfuzlu beynəlxalq təsisatlardan olan PMI 1969-cu ildə təsis edilib, onun baş katibliyi ABŞ-da yerləşir. Dünya üzrə 283 nümayəndəliyi (Türkiyə, Rusiya, Gürcüstan daxil olmaqla) fəaliyyət göstərir.

Hazırda dünyada institutun sertifikatlaşdırdığı 740 min peşəkar layihə meneceri (PMP) var. İnstitutun tərtib etdiyi layihələrin idarə edilməsi normaları bu sahədə qəbul edilmiş beynəlxalq standartlar üçün əsas hesab edilir.

Son xəbərlər

Orphus sistemi