Bakı. 5 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC bu ilin oktyabr ayında Azərbaycanın gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün 2215 ekspertizalar keçirib. Bu barədə "Report"a adı çəkilən müəssisədən bildirilib.
Məlumatda deyilir ki, bütün yoxlamaların nəticələrini təsdiq edən ekspertiza aktı tərtib olunub.
Bundan başqa, ay ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında 414 nümunə ərzaq məhsulları (taxıl və taxıl emalı məhsulları, meyvə - tərəvəz məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, yeyinti yağları, ət və ət məhsulları, yumurta məhsulları, balıq və balıq emalı məhsulları, uşaq qidası)üzrəvə 39 nümunə qeyri-ərzaq məhsul qrupları (sintetik yuyucu vasitələr, plastik məmulatlar, tekstil və geyim, süni dəri məmulatları) üzrə olmaqla, ümumilikdə 453 analiz aparılıb.