Yuxarı

Azərbaycanda istehsal olunan məhsullar üzrə gömrük idxal tariflərinin artırılması təklif olunur

Xəzər Avropa Klubu iqtisadi islahatlarla bağlı təkliflərini dövlət başçısına təqdim edib

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ölkədə istehsalı mövcud olan məhsulların idxalına fərqli tariflər tətbiq etməlidir. "Report" xəbər verir ki, Xəzər Avropa Klubu (Caspian European Club, CEİBC) İdarə Heyətinin üzvü, Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli klub tərəfindən Prezident İlham Əliyevə iqtisadiyyatın bir sıra sahələrində islahatların aparılması ilə bağlı göndərilən təkliflər haqqında danışarkən deyib: "Sadə dillə, Gömrük Komitəsi Azərbaycan məhsulu olmayan və Azərbaycanda istehsal olunan məhsullar arasında bölgü aparmalıdır".

M.Abbasbəyli deyib ki, təkliflər əsasən gömrük, vergi və investisiya mühiti sahələrini əhatə edir.

“Azərbaycanda istehsal olunan məhsullar üçün gömrük idxal tarifləri qaldırılmalıdır. Azərbaycanda istehsal olunmayan məhsullara tətbiq olunan gömrük tarifləri isə müvafiq qaydada ya öz səviyyəsində qalmalı, ya da azaldılmalıdır. Bundan əlavə, həmin tarifləşdirməni hər il yeniləməyi təklif edirik. Məlum olduğu kimi, Azərbaycanda hər il müxtəlif yeni xidmət sahələri yaranır. Məhz buna görə də tarifləşdirmənin hər il yenilənməsini düzgünhesab edirik", - deyə Komitə sədri əlavə edib. 

"Təkliflərimizin gömrüklə bağlı digər bir bəndində aksizli malların, xüsusilə də alkoqollu içkilər, siqaret və s. mallar üzrə gömrük tariflərinin yüksəldilməsi məsələsi əksini tapıb. İT texnologiyaları sahəsində də bütün tariflərin qruplaşdırılmasını istərdik. Bu gün Azərbaycanda İT texnologiyaları üçün bir neçə müxtəlif tarif tətbiq olunur. Bu da öz növbəsində idxalçıya müəyyən çətinliklər yaradır. İdxalçılara qarşı ədalətsiz yanaşma olmasın deyə, onların eyni tarif üzrə qruplaşdırılmasını təklif edirik. Nəhayət, gömrük sahəsinə dair təkliflərin son bəndi xammal idxalı üzrə gömrük yığımının azaldılması və ya ümumiyyətlə ləğvi ilə bağlıdır. Xammal yerli istehsalatın əsasını təşkil etdiyi üçün bu, kifayət qədər ciddi məqamdır”, - deyə M.Abbasbəyli bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi