Yuxarı
    Bağlamaq

    Azərbaycanda investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı keçirilib

    Tədbirdə beynəlxalq konsaltinq şirkətləri, maliyyə və investisiya təşkilatları, media nümayəndələri iştirak ediblər

    Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətlər, habelə xarici iş adamları üçün Azərbaycanda investisiya müsabiqələrinə çıxarılacaq yeni müəssisələrin ictimai təqdimatını keçirib. “Report” xəbər verir ki, tədbirin təşkilində başlıca məqsəd yeni mərhələdə özəlləşdirməyə çıxarılmış müəssisələrə xarici investisiyaların cəlb edilməsi, ölkədə investisiya imkanlarının daha da genişləndirilməsidir.

    Bununla yanaşı, belə yatırımlar hesabına özəlləşdiriləcək müəssisələrin gələcək potensialını gücləndirmək, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək və yeni iş yerlərinin açılmasını təmin etməkdir. İngilis dilində keçirilən tədbirdə “KPMG”, “Ernst & Young Holdings", “Deloitte”, “PWC” (Pricewaterhouse Coopers), “McKinsey & Company”, “Baker & McKenzie” kimi beynəlxalq konsaltinq şirkətləri, maliyyə və investisiya təşkilatları, media nümayəndələri iştirak ediblər.

    Tədbirdə qeyd edilib ki, ölkədə aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri kimi dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, yeni mərhələdə özəlləşdiriləcək dövlət müəssisələrində effektiv iş prinsiplərinin, korporativ idarəetmənin, həmçinin "nou-hau"ların tətbiqi əsas prioritetdir. Həmçinin bildirilib ki, ölkəyə investisiya yatırılması məqsədi ilə xarici şirkətlərin dəvət edilməsində beynəlxalq məsləhətçilər mühüm rol oynayır.

    İctimai təqdimatda müxtəlif iqtisadi zonalarda yerləşən və iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 10-a yaxın iri dövlət müəssisəsinin, o cümlədən “Daşkəsən Filizsaflaşdırma”, “Bakı Elektroavtomat”, “Mingəçevir Texniki Rezin”, “Mingəçevir Regenerat” ASC-lərin təqdimatı keçirilib. Belə müəssisələrin iqtisadi xarakteristikası, profili, maliyyə vəziyyəti, yerləşdiyi ərazi, nizamnamə kapitalı, istehsal həcmi, satışa çıxarılan səhm sayı, digər iqtisadi və texniki göstəriciləri barədə məlumat verilib. Həmçinin, bu müəssisələrə investisiya qoyuluşunun üstünlükləri və bu müəssisələrin gələcək potensialı nəzərə çatdırılıb.

    Tədbirdə bu müəssisələrin yaranma tarixi, istehsal etdiyi məhsulların çeşidi, hazırkı istehsal həcmi barədə məlumatlar verilib. İnvestorlar üçün maraq doğuracaq məlumatlar sırasında belə müəssisələrin xammal təminatı, əsas istehsal sahələri və onların xarakteristikasını əks etdirən məlumatlar da olub. Habelə istehsal olunan məhsulların adı və çeşidi, müəssisədə çalışan işçilərin sayı, müəssisənin ümumi torpaq sahəsi və tikilialtı sahəsi, müəssisənin bazardakı çəkisi barədə də məlumatlar investorlara çatdırılıb. Bildirilib ki, bu müəssisələr haqqında istənilən məlumatı Komitənin yeni istifadəyə verilmiş privatization.az adlı özəlləşdirmə portalında almaq mümkündür.

    Bu müəssisələrlə yanaşı, Komitə tərəfindən yeni elan edilmiş hərraclarda ümumilikdə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində yerləşən 190 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb. Bunlardan 75-i nəzarət səhm paketinin 30%-i hərraca çıxarılan ASC-lərdir. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən, dağ-mədən, kimya, metallurgiya, maşınqayırma sənayesi, kənd təsərrüfatı, inşaat, tikinti, nəqliyyat və s. sahələri əhatə edir. Dövlət əmlaklarının 89-u isə kiçik dövlət müəssisə və obyekti, qalan qismi isə nəqliyyat vasitələridir. Ümumilikdə, hərraclara xidmət, ictimai iaşə və digər sahələri əhatə edir. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında müxtəlif sahələri olan xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər müəssisələr var.

    Bütün hərrac elanları və investisiya müsabiqələri komitənin rəsmi internet səhifəsində və “Mülkiyyət” qəzetində, dövlət əmlakları ilə bağlı mətn və foto məlumatlar isə Özəlləşdirmə Portalında yerləşdirilib. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elan edilən hərraclarda istənilən yerli və xarici investorlar iştirak etməklə, əmlakın qiymətini banklar vasitəsi ilə ödəyərək hərraca çıxarılan obyektləri ala bilər. Bu isə öz növbəsində iri sahibkarlığın inkişafı ilə yanaşı, özəlləşdirilməyə çıxarılan kiçik müəssisə və obyektlərin əldə edilməsi nəticəsində orta portfelli sahibkarlıq təbəqəsinin daha da genişləndirilməsinə imkan yaradır.

    Hərraclarda iştirak etmək üçün hazırda sifarişləri elektron xidmət vasitəsilə vermək mümkündür. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi və hərracların tamamilə elektron müstəviyə keçirilməsi təmin olunacaq. “Onlayn hərrac”lar xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etmək imkanı yaradacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi