Yuxarı

Azərbaycanda I rübdə 57 min vergi ödəyicisinin borcu ləğv edilib

Vergi orqanlarının müraciəti əsasında məhkəmələr tərəfindən 47 vergi ödəyicisinin ölkədən getmə hüququ məhdudlaşdırılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bu ilin I rübü ərzində Azərbaycanda ümumilikdə 56 948 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib. 

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən "Report"a verilən məlumata görə, 2015-ci il 1 aprel tarixinə vergi ödəyicilərinin ümumi sayında borclu vergi ödəyicilərinin xüsusi çəkisi 6,1% təşkil edib.

Dövlət büdcəsinə yaranmış borcların ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 15 668 əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 62,9%-i borclar ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 150,5 min manat borc məbləğini əhatə edən 236 məhkəmə qətnaməsi qəbul olunub. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 7,8 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 500 min manat borc dövlət büdcəsinə ödətdirilib, 41 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.

Hüquqi şəxslərdə təsisçi yaxud payçı kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 53 fiziki şəxs üzrə 67,8 min manat məbləğində borc ləğv edilib.

Vergi orqanlarının müraciəti əsasında məhkəmələr tərəfindən 47 vergi ödəyicisinin ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb, onlardan 3 nəfəri borclarını ödədikləri üçün bu məhdudiyyət götürülüb.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 285 vergi ödəyicisi üzrə 20,2 mln. manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi