Azərbaycanda "İlin patenti" müsabiqəsi keçirilir

Azərbaycanda "İlin patenti" müsabiqəsi keçirilir Müsabiqənin qaliblərinə diplom, hədiyyələr və pul mükafatları təqdim olunacaq
Biznes
7 Mart , 2016 15:11
Azərbaycanda İlin patenti müsabiqəsi keçirilir

Bakı. 7 mart. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi elan edib.

“Report” Komitənin mətbuat xidmətinə istinadən bildirir ki, müsabiqə 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə Azərbaycanın hüquqi və fiziki şəxslərinə məxsus olan və 2014-2015-ci ilərdə Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim oluna bilər.

Müsabiqə Komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər ərizə-təqdimat, patentin əsli və surəti, ixtiranın bütün materialları (ixtiranın təsviri, düsturu, referatı, texnoloji sistemi, cizgiləri və s.), əhəmiyyəti, səmərəsi haqqında əsaslandırılmış məlumatlar və s. zəruri sənədləri təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyənlər sənədləri aprelin 9-dək Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) informasiya təminatı şöbəsinə (Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi,53) təqdim edə bilərlər.

Son xəbərlər

Orphus sistemi