Yuxarı

Azərbaycanda İdman Sağlamlıq Mərkəzi özəlləşdirməyə çıxarılıb

Azərbaycanda İdman Sağlamlıq Mərkəzi özəlləşdirməyə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək
© Report

Bakı. 14 avqust. REPORT.AZ/ Sentyabrın 12-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.

“Report” ƏMDK-ya istinadən xəbər verir ki, hərraca ümumilikdə 139 dövlət əmlakı çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 35-i kiçik dövlət müəssisə və obyekti, 84-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/index.php?option=com_content&view=article&layout=edit&id=2369

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Astara, Zərdab, Beyləqan, Şirvan və digər rayonlarında yerləşir. Bunların arasında Sumqayıtda yerləşən 22 saylı mağaza, Şirvandakı Yardımçı təsərrüfat, Şəkidəki İdman Sağlamlıq Mərkəzi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Şirvandakı obyektə qoyulub. 157,5 min manata təklif olunan müəssisənin torpaq sahəsi 150 min kv.m, ümumi faydalı sahəsi isə 200 kv.m-dir. Bundan başqa, Bakıda yerləşən 20 saylı mağaza 135 min manata, paytaxtın Sabunçu rayonunda olan Respublika Baytarlıq Sanitar dezinfeksiya Dəstəsi 134 min manata hərraca çıxarılıb.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncə şəhərində yerləşən 40 saylı yeməkxananı nümunə kimi göstərmək olar.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 69-u paytaxtda, qalanları isə regionlarda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxın Səbail rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 230 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 300 kv.m-ə yaxındır. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 12 -1 941 kv.m arasında dəyişir.

Hərraca daha az investisiya tələb edən əmlaklar da çıxarılıb. Bunlardan paytaxtın Suraxanı rayonunda yerləşən, sahəsi 18 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək olar. Həmin əmlakın ilkin start qiyməti 3 500 manat təşkil edir. Həmçinin Sumqayıtda yerləşən sahəsi 60 kv.m, ilkin start qiyməti 6 min manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Zaqatala Fındıq”, “Sabirabad Mexanikləşdirmə”, “Ağsu Sənaye İnşaat”, “Lənkəran Taxıl”, “Beyləqan Buzxana ”, “Əli Bayramlı Kəndnəqliyyat ” kimi səhmdar cəmiyyətlər var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi