Azərbaycanda dempinqə məruz qalan malların açıqlanması təklif edilir

Azərbaycanda dempinqə məruz qalan malların açıqlanması təklif edilir Antidempinq haqqında qanun layihəsi ilə bağlı işçi qrupunun yaradılması qərara alınıb
Biznes
7 Aprel , 2016 12:17
Azərbaycanda dempinqə məruz qalan malların açıqlanması təklif edilir

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, Komitə sədri Ziyad Səmədzadə bildirib ki, antidempinq ölkədə aparılan islahatların dərinləşdirilməsi tədbirlərinə aiddir: "Qanunun məqsədi daxili bazarı qorumaqdır. Bunun üçün milli iqtisadiyyatın diversifikasiyası aparılmalıdır. Yüngül sənaye istehsalının aşağı olması bazarın ucuz idxal məhsulları ilə dolmasına səbəb olur. Bu proses tənzimlənərsə, istehsal da artacaq".

Deputat Vahid Əhmədov qanun layihəsinin dilinin mürəkkəbliyinə diqqət çəkib: "Qanun layihəsinin dili başadüşülən deyil. Haradan köçürülübsə, başa düşmürük. Heç olmasa elə köçürün ki, biz mütəxəssislər başa düşək. Qanunun dilini dəyişdirmək, sadələşdirmək, anlaşıqlı etmək lazımdır. Qanunda ciddi səhvlər var. İkinci oxunuşa çıxarılmasının tərəfdarı deyiləm".

"Qanunun məqsədi Azərbaycanın daxili bazarını qorumaqdan ibarətdir. Amma əvvəlcə müəyyən etmək lazımdır ki, Azərbaycanda hansı məhsullar dempinqə məruz qalır. Dempinqə məruz qalan məhsulları və məbləği hesablamaq lazımdır. Bəlkə o səviyyədədir ki, heç qanuna ehtiyac yoxdur. Əvvəlcə dempinqə məruz qalan məhsullaların məbləği açıqlanmalıdır", - deyə deputat bildirib.

O, həmçinin antidempinq qanununu həyata keçirəcək mütəxəssislərin olması məsələsinə də toxunub.

Deputat bununla yanaşı layihədə qanunun onun dərcindən 3 ay sonra qüvvəyə minməsinin nəzərdə tutulduğunu xatırladaraq, bu müddətin nə üçün gərəkli olduğunun anlaşılmadığını deyib.

Deputat Əli Məsimli də sənədin dilinin mürəkkəbliyini qeyd edib: "Əgər bu qanun iş adamları ilə dövlət orqanları arasında münasibətləri təmin edəcəksə, sadə və anlaşıqlı olmalıdır. Həmçinin, bu qanun yalnız bir Nazirliyin hazırlayacağı sənəd deyil. Burada müxtəlif qurumlar birlikdə işləməlidir".

"Əgər qanun hazırkı formada qəbul olunarsa, Azərbaycanda sənaye və sahibkarlıq batacaq. Bu qanun paket formasında təqdim olunmalıdır. ÜTT-yə qoşulmaq üçün azad ticarət və dempinqin nisbəti düzgün götürülməlidir ki, gələcək işlərə mane olmasın. Azərbaycana gələn mallar inhisarçılıqda olub, artıq bu problem aradan qaldırılır. Əgər qanun bu şəkildə qəbul olunarsa, bundan sui-istifadələr ola bilər. İndiyədək mal gətirməyənlərdən başqa digər şəxslərin mal idxalına dempinq adı ilə qadağa qoyula bilər. Ona görə də qanun sadələşdirilməlidir", - deyə Ə.Məsimlinin qeyd edib.

O həmçinin bildirib ki, 30-cu maddədə qeyd olunur ki, tərəflər mübahisəli məsələ olduqda məhkəməyə müraciət etməlidir: "Mən isə təklif edirəm ki, bu qanundan sui-istifadəyə görə fiziki və ya hüquqi şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb olunsun".

Müzakirələrdən sonra işçi qrupunun yaradılmasına qərar verilib və qanun layihəsinin parlamentin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması tövsiyyə olunub.

Daha sonra bugünkü iclasın gündəliyində olan "Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institutsional əməkdaşlığa dair" sazişin təsdiq edilməsi haqqında və "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihələri plenar iclasa tövsiyyə olunub.

Son xəbərlər

Orphus sistemi