Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha 72 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

    Əmlak Məsələləri Dövlət Komitəsi yanvarın 17-də daha bir hərrac keçirəcək

    Bakı. 19 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 17-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək. Bu barədə “Report”a Komitədən bildirilib.

    Məlumata görə, hərraca ümumilikdə 72 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir.

    Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonları, həmçinin Şəki, Şəmkir, Goranboy, Şirvan, Zaqatala, Hacıqabul, Göygöl və digər şəhər və ya rayonlarda yerləşir. Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən və 60 011 kv.m. torpaq sahəsi olan Yardımçı təsərrüfata təyin olunub. Adıçəkilən əmlak 1 milyon 85 min manata təklif olunur. Nərimanov rayonunda yerləşən 7 saylı mağazaya 650 min manat, Şəki Barama Toxumu zavodu 485 min manat Sumqayıtda yerləşən “Dalğa” kiçik müəssisəsi isə 306 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektləri sırasında Şəmkir Balıq Zavodu, mağazalar, yanacaqdoldurma məntəqələri, anbar sahələri, tikiş fabriki və texniklər evi kimi əmlaklar var.

    Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Bərdə Mexaniki Təmir”, “Gəncə Sənaye Tikinti”, “Kürdəmir Quşçuluq”, “Salyan İnşaat Xidmət”, “Azərmetalinvest”, “Oğuz Kəndkimya” kimi müəssisələr var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi