Azərbaycanda bu il pərakəndə ticarət dövriyyəsi 10% artıb

Azərbaycanda bu il pərakəndə ticarət dövriyyəsi 10% artıb Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi isə 1,8 dəfə artıb
Biznes
14 May , 2015 16:23
Azərbaycanda bu il pərakəndə ticarət dövriyyəsi 10% artıb

Bakı. 14 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 7,5 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çox əmtəə satılıb. 

"Report"un Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,9 faiz bəndi artıb.

Cari ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 1,8 dəfə artaraq 3,7 mln. manat təşkil edib. Əhali onlayn rejimdə sifariş verdiyi istehlak mallarının 92,8%-ni hüquqi şəxslər, 7,2%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,4%-ni qeyri-ərzaq malları təşkil edib.

Cari ilin yanvar-aprel aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5% artaraq 289,9 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 124,0 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 165,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi