Azərbaycanda bu il dövlət xətti ilə sahibkarlara 190 mln. manat güzəştli kredit verilib

Azərbaycanda bu il dövlət xətti ilə sahibkarlara 190 mln. manat güzəştli kredit verilib Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 7,7 mln. manat güzəştli kredit ayrılıb
Biznes
28 Dekabr , 2016 15:43
Azərbaycanda bu il dövlət xətti ilə sahibkarlara 190 mln. manat güzəştli kredit verilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Xırdalan şəhərində 2016-cı ilin sonuncu işgüzar forumunu keçirib.

İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, 150-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib. 

Fondun icraçı direktoru Şirzad Abdullayev SKMF-in bu il ərzində fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, bu il 2 500-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 190 mln. manat güzəştli kredit verilib: "Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74%-i Azərbaycanın regionlarının, 26%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Kreditlərin 82,3%-i aqrar sektorun, 17,7%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”, çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və s. sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib".

İşgüzar forumda Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 7,7 mln. manat güzəştli kredit verilib. Ayrılan kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, çörək, tikinti materialları, mətbəx və məişət əşyaları istehsalı, zeytunçuluq sahələrinin inkişafına sərf olunacaq. Bu kreditlərin reallaşdırılması nəticəsində 180-dən çox yeni iş yeri açılacaq.

Tədbir çərçivəsində güzəştli kredit ayrılan Xırdalanda hava kompressorları istehsalı zavoduna, ət kəsimi və emalı müəssisəsinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi