Yuxarı

​Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilə bilər

“5 il müddətində yaşadığı evdə qeydiyyatdadırsa, həmin ev satıldıqda ondan heç bir vergi tutulmayacaq”

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Bina tikintisi fəaliyyətilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi çox vacib, günün tələbləri səviyyəsində olan məsələdir”. “Report” xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

O qeyd edib ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, mənzil tikintisilə məşğul olan şəxslər təməl işlərinə başlanılmış binaların sahələrinə görə sadələşdirilmiş vergi və təqdim etdikləri tikinti sahələrinə görə əlavə dəyər vergisi ödəyirlər.

“Qanun layihəsində bina tikintisilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur ki, həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisi, mənfəət vergisi və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisi və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Layihəyə əsasən, həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər. Bina tikintisi fəaliyyətilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarından istifadə etmədikləri halda təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi və maliyyə nəticələrindən asılı olaraq vergi ilinin yekunlarına görə mənfəət vergisi ödənilir. Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən, maliyyə vəsaiti vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcək”.

Nazir həmçinin bildirib ki, qanun layihəsində daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması da nəzərdə tutulub: “Məlum olduğu kimi, Vergi Məcəlləsinin qüvvədə olan müddəasına əsasən, mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən əldə olunan gəlir vergiyə cəlb olunur. Təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikilməsinə, təmirinə çəkilən xərclər, təsdiq edilən sənədlərin bir çox hallarda olmaması bu gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı. Qeyd edilənləri nəzərə alaraq, mülkiyyətində olan, o cümlədən bina tikintisi fəaliyyətilə məşğul olan şəxslərdən satın alınan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicilərinə aid edilməsi bu sahələrin təqdim edilməsi, satılması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsilə bağlı müddəalar qanun layihəsinə daxil edilib. Həmin dəyişikliklər mənzillərin və digər daşınmaz əmlakın təqdim edilməsindən gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən bəyannamələrin vergi orqanına təqdim edilməsini aradan qaldırmaqla inzibatçılığı sadələşdirir. Bununla yanaşı, qanun layihəsilə fiziki şəxslərin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim etməsinin ödəmə mənbəyində vergidən azad edilməsi nəzərdə tutulur. Yəni 5 il müddətində yaşadığı evdə qeydiyyatdadırsa, həmin ev satıldıqda ondan heç bir vergi tutulmayacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi