Azərbaycanda bəzi avtodilerlər qiymətləri endirib

Azərbaycanda bəzi avtodilerlər qiymətləri endirib Yeni partiyada gələn avtomobillər isə yeni məzənnə ilə satışa çaxarılacaq
Biznes
26 Fevral , 2015 17:25
Azərbaycanda bəzi avtodilerlər qiymətləri endirib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyası ilə idxal olunan avtomobillərin satış qiymətində dəyişikliklər baş verib. “Report” məlumat verir ki, qiymətləri qaldıran bəzi avtosalonlar son bir neçə gündə qiymətləri yenidən azaldıb.

“Hyundai” avtomobilləri də son vaxtlar bahalaşanlar sırasında olsa da, lakin bir neçə gün əvvəl qiymətləri əvvəlki səviyyəyə qaytarıb. Avtosalonun əməkdaşının sözlərinə görə, daxil olan çoxsaylı şikayətlər səbəbindən qiymətlər aşağı salınıb, lakin bu müvəqqəti xarakter daşıyır: "Bir neçə günə avtomobillər yenidən bahalaşacaq. Hətta bəzi modellərin - “Sonata” və “Grandeur”un qiymətləri artıq qaldırılıb".

“Mercedes-Benz”, “Ford”, ”KİA”, “Mazda” və “BMW” markalı avtomobillərin qiymətlərində heç bir dəyişiklik olmayıb. Bununla belə, “Mercedes-Benz” və “Ford” avtosalonlarında endirimdə olan avtomobillərdə kampaniyaya son qoyulub və həmin avtomobillər əvvəlki qiymətləri ilə satılır. “BMW” avtosalonunun nümayəndəsinin sözlərinə görə, gömrük orqanlarının müvafiq xərcləri qaldırıldığı üçün bütün avtosalonlarda yeni partiya gələcək avtomobillərin hamısının qiyməti bahalaşacaq. Hələ qiymətlərin dəyişmədiyini, lakin eyni səbəbdən növbəti partiyada qalxacağını “Mercedes-Benz”, “Mazda” və “Ford” avtosalonlarının nümayəndələri də deyib. Növbəti partiyadan kiçik həcmli mühərrikləri olan avtomobillərdə qiymətlərdə böyük fərq olmayacağını deyən “Mercedes-Benz” nümayəndəsi böyük həcmli mühərrikə sahib avtomobillərin qiymətində 10 min manata qədər artımın olacağını bildirib.

“Toyota” nümayəndəsi satılan avtomobillərin 30%-ə qədər bahalaşdırıldığını deyib: "Bununla belə, bir çox avtosalon hələlik kreditləşməni dayandırıb. Hazırda banklarda milli valyutanın yeni məzənnəsinə uyğun hesablamalar aparıldığına görə yaxın bir ay ərzində kredit verilişinin bərpa olacağını, ilkin ödənişin manatla, kreditin isə məzənnəyə uyğun dollarla veriləcəyi gözlənilir".

Qeyd edək ki, Azərbaycandakı bütün avtomobil dilerləri kredit şərtlərinin bank tərəfindən müəyyənləşdirildiyini, avtosalonların isə sadəcə ilkin ödənişi milli valyutada alacağını deyir, qalan məbləğ kredit şəklində dollarla ödəniləcək.

Son xəbərlər

Orphus sistemi