Azərbaycanda antidempinq, kompensasiya və mühafizə tədbirləri ilə bağlı yeni qanun qəbul olunacaq

Azərbaycanda antidempinq, kompensasiya və mühafizə tədbirləri ilə bağlı yeni qanun qəbul olunacaq Antidempinq rüsumları dempinqli və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara ayrı-seçkilik qoyulmadan tətbiq edilir
Biznes
6 Fevral , 2016 14:09
Azərbaycanda antidempinq, kompensasiya və mühafizə tədbirləri ilə bağlı yeni qanun qəbul olunacaq

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsi hazırlanıb.

"Report" xəbər verir ki, layihə Milli Məclisin fevral ayının 12-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.

Bu qanun layihəsi Azərbaycanın və istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılan idxala, həmçinin, yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərər vurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyir.

Qanun layihəsində dempinqli idxalın müəyyən edilməsi, bununla bağlı xərclərinin və mənfəətin hesablanması, ixrac qiyməti və normal dəyərin müqayisəsi, dempinq marjasının hesablanması, xarici dövlətin subsidiyası, spesifik subsidiyanın məbləğinin hesablanması qaydaları qeyd olunur.

Layihədə, həmçinin, dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyən edilməsi qaydaları, antidempinq və ya kompensasiya tədbirləri ilə bağlı araşdırma zamanı yerli istehsal sahəsinin müəyyən edilməsinin xüsusiyyətləri, müvəqqəti anidempinq və ya kompensasiya tədbirləri də əksini tapır.

Qanun layihəsinə görə, müvəqqəti antidempinq və ya kompensasiya tədbirləri rüsum və ya pul depoziti formasında ola bilər. Müvəqqəti antidempinq və ya kompensasiya rüsumunun dərəcəsi isə ilkin hesablanmış dempinq marjasından və ya subsidiya həcmindən çox olmayacaq. Müvəqqəti antidempinq və ya kompensasiya tədbirlərinin tətbiqi barədə qərar araşdırma başladığı gündən 60 gündən tez müddətdə qəbul edilə bilməz. Müvəqqəti antidempinq tədbirlərinin tətbiq müddəti 4 aydan, baxılan malın dempinqli idxalının ümumi həcminin əhəmiyyətli hissəsini təşkil edən ixracatçıların müvafiq müraciəti olduqda 6 aydan çox ola bilməz. Müvəqqəti antidempinq rüsumunun dərəcəsi ilkin hesablanmış dempinq marjasının həcmindən azdırsa, belə tədbirin tətbiq müddəti 6 aydan, baxılan malın dempinqli idxalının ümumi həcminin əhəmiyyətli hissəsini təşkil edən ixracatçıların müraciəti olduqda 9 aydan çox ola bilməz. Müvəqqəti kompensasiya tədbirləri isə ən çox 4 ay tətbiq olunur.

Layihədə qeyd olunur ki, qiymətlə bağlı öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla, antidempinq rüsumları dempinqli və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara ayrı-seçkilik qoyulmadan tətbiq edilir.

Qanun layihəsinə görə, mühafizə tədbirləri oxşar və ya birbaşa rəqabətli malın yerli istehsalının ümumi həcminə münasibətdə mütləq və nisbi göstəricilərdə gömrük ərazisində baxılan malın idxalının artmış həcminin və şərtlərinin yerli istehsal sahəsinə zərər vurması araşdırma nəticəsində müəyyən olunduqda həmin mala münasibətlə tətbiq olunacaq.

Qeyd olunur ki, dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxalın mövcudluğu və bunun nəticəsində yerli istehsal sahəsinə vurulan zərərin müəyyən edilməsi məqsədi ilə araşdırma oxşar və ya birbaşa rəqabətli malların istehsalçısı və ya onların adından təqdim eilmiş yazılı müraciət və yaxud araşdırma orqanının öz təşəbbüsü əsasında araşdırma orqanı tərəfindən başlanılacaq.

Son xəbərlər

Orphus sistemi