Yuxarı

Azərbaycanda 304 süni balıq gölü aşkarlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi bölgələrdə reydlər keçirir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) torpaqların istifadəsinə və mühafizəsinə nəzarət üzrə dövlət müfəttişləri bu gün Salyan və Neftçala rayonlarında süni balıq göllərinin salındığı torpaq sahələrində reyd və monitorinqlər keçiriblər.

Komitənin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, monitorinqlər zamanı müfəttişlər tərəfindən aşkarlanan süni balıq gölləri ilə bağlı inzibati protokollar tərtib edilərək cərimələr tətbiq olunub. Hazırda bu istiqamətdə tədbirlər Azərbaycanın digər bölgələrində də davam etdirilir.

Araşdırmalar nəticəsində bugünədək ölkə üzrə bu qaydada 304 balıq gölünün yaradıldığı müəyyən edilib. Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli, Yevlax rayonlarında rast gəlinir. Həmin göllər vətəndaşların mülkiyyətinə pay torpağı kimi verilən əkin sahələrində, dövlət mülkiyyətinə aid qış otlaqlarında, dövlət ehtiyat fondu torpaqlarında və bələdiyyə mülkiyyətinə aid örüş-otlaq sahələrində yaradılıb.

Bununla yanaşı, Komitə tərəfindən Xəzər dənizinin sahilyanı mühafizə zolağında aparılan özbaşına tikintilər və qeyri-qanuni istifadə hallarının qarşısının alınması ilə əlaqədar monitorinqlər keçirilir.

Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi