Azərbaycan yeni “Doing Business” hesabatında 57-ci pilləyə yüksəlib - ƏLAVƏ OLUNUB-2

Azərbaycan yeni “Doing Business” hesabatında 57-ci pilləyə yüksəlib - ƏLAVƏ OLUNUB-2 Bununla da Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyib
Biznes
31 Oktyabr , 2017 18:17
Azərbaycan yeni “Doing Business” hesabatında 57-ci pilləyə yüksəlib - ƏLAVƏ OLUNUB-2

İlk xəbər saat 17:33-də verilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2018” hesabatında Azərbaycan 190 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

“Report” xəbər verir ki, bununla da Azərbaycan ötən illə müqayisədə reytinqdə 8 pillə yüksəlib.

Qeyd edək ki, ötən il isə Azərbaycan əvvəlki ilə nisbətən 2 pillə geriləyərək 65-ci yerdə qərarlaşmışdır.

***

Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda ən yaxşı göstərici Gürcüstana məxsusdur. Belə ki, qonşu ölkə “Doing Business-2018” hesabatında 9-cu yerdə qərarlaşıb. Bununla yanaşı, Rusiya 35, Qazaxıstan 36, Türkiyə 60, Ukrayna isə 76-cı yerə layiq görülüb.

Ötən il regionda 44 islahat həyata keçirilib ki, bu da 24 region ölkəsinin 19-da reallaşıb. Dünya üzrə aparılan 264 islahatın 17%-i təkcə bu regionun payına düşür. Azərbaycan və Litva 4 islahatla hesabatda yer alıb.

***

Bu islahatlara kreditin alınması, minoritar investorların müdafiəsi, müqavilələrin icrası və müflisləşmənin tənzimlənməsi məsələləri aiddir.

Kreditin əldə olunması: Azərbaycan kredit bürolarının yaradılmasına imkan verən qanunun qəbul olunması ilə kredit məlumatlarına əlçatanlığı təkmilləşdirib;

Minoritar investorların müdafiəsi: Azərbaycan əsas korporativ qərarlarda səhmdarların hüquqlarını və rolunu artıraraq, sahibkarlıq və nəzarət strukutlarını dəqiqləşdirərək və daha çox korporativ şəffaflığı tələb edərək minoritar investorların müdafiəsini gücləndirib;

Müqavilələrin icra olunması: Azərbaycan istifadəçilərin elektron formada məhkəmə rüsumlarını ödəməsinə imkan verən sistemin tətbiqi ilə müqavilələrin icrasını asanlaşdırıb;

Müflisləşmənin tənzimlənməsi: Azərbaycan kreditorlar üçün müflisləşmə prosedurlarını daha əlçatanlı etməklə və prosedurlarda onların iştirakını artırmaqla, müflisləşmə zamanı müqavilələrin icrası ilə bağlı müddəaları təkmilləşdirməklə və müflisləşmə prosedurlarına start verildikdən sonra onlar üçün maliyyələşdirmə imkanını tətbiq etməklə müflisləşmənin tənzimlənməsini asanlaşdırıb.

Qeyd edək ki, Azərbaycan minoritar investorların müdafiəsi sahəsində yaxşı nəticələr nümayiş etdirib və qlobal reytinqdə bu aspekt üzrə 10-cu olub.

***

Bununla yanaşı bildirilir ki, Maraqların ziddiyyətinin tənzimlənməsi indeksində Azərbaycan 7,7 balla qiymətləndirilir, bu indeks üzrə sadəcə Gürcüstan, Makedoniya və Qazaxıstandan (8 bal) sonra ikincidir. Bu, İƏİT-in yüksək gəlirli ölkələrinin orta rəqəmi - 6,4 baldan yüksəkdir.

Biznesə başlama sahəsi - 18-ci yer. Bakıda biznesə başlamaq üçün sadəcə 4,5 gün tələb olunur. Avropa və Mərkəzi Asiya regionunda yalnız Gürcüstanda (2 gün) bundan az vaxt tələb olunur;

Əmlakın reyestri sahəsi - 21-ci yer. Bakıda əmlakın qeydiyyatı üçün əmlakın dəyərinin sadəcə 0,2%-i tələb olunur. Bu rəqəm Ermənistan, Qırğızıstan və Rusiya ilə eynidir, İƏİT-in yüksək gəlirli ölkələrində isə orta rəqəm 4,2%-dir.

Tikinti üçün icazələrin verilməsi sahəsi - 161-ci yer. Bütün zəruri sənədlərin əldə olunması və Bakıda anbarın tikintisinə 242 gün tələb olunur, region üzrə orta göstərici 168 gün, İƏİT-in yüksək gəlirli ölkələri üzrə orta göstərici 155 gündür. 

Kreditlərin əldə olunması sahəsi - 122-ci yer. Azərbaycanda hüquqlar indeksinin gücü 2 balla qiymətləndirilib (mümkün 12 baldan); müqayisə üçün regional orta rəqəm 6,6 bal və İƏİT-in yüksək gəlirli ölkələri üzrə orta rəqəm 6 baldır;

Elektrik enerjisinin alınmasının təkmilləşdirilməsi üçün imkan var (qlobal reytinqdə 102-ci yer). Bakıda elektrik şəbəkəsinə qoşulmaq üçün 7 prosedurdan keçmək tələb olunur. Müqayisə üçün, İƏİT-in yüksək gəlirli ölkələrində orta rəqəm 4,7 prosedurdur;

Qeyd olunur ki, Azərbaycan son 15 ildə 33 islahat həyata keçirib: bunun 7-si bizneslə başlama, 6-sı kreditin əldə olunması və 5-i vergilərin ödənilməsi sahəsinə aid olub. 2003-cü ildə Bakıda biznesə başlamaq üçün 105 gün tələb olunurdusa, bu gün 4,5 gün tələb olunur.

Son xəbərlər

Orphus sistemi