​Azərbaycan yaxın 10 ildə qeyri-neft sektorunu iki dəfə artıracaq

​Azərbaycan yaxın 10 ildə qeyri-neft sektorunu iki dəfə artıracaq Maliyyə naziri Samir Şərifov: "Bu, qeyri-neft sektorunun hər il 8% artmasını tələb edir"
Biznes
9 Dekabr , 2014 19:52
​Azərbaycan yaxın 10 ildə qeyri-neft sektorunu iki dəfə artıracaq

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatının gələcək inkişafının əsasını qeyri-neft sektorundan əldə olunan gəlirlər təşkil etməlidir. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov Xəzər Avropa Klubunun (Caspian European Club) təşkilatçılığı ilə Bakıda keçirilən forumda çıxışında bildirib.

"Ölkə prezidenti tərəfindən qarşımıza Azərbaycan iqtisadiyyatının neft faktorundan asılılığının tədricən azaldılması məqsədi qoyulub. Gələcək inkişafın əsasını qeyri-neft sektorundan əldə olunan gəlirlər təşkil etməlidir. Bu məqsədlə növbəti 10 il ərzində qeyri-neft sektorunun iki dəfə artırılması məqsəd qoyulub. Bu da qeyri-neft sektorunun hər il 8% artmasını tələb edir. Bu istiqamətdə xeyli iş görülür", - maliyyə naziri vurğulayıb.

Nazir bildirib ki, Azərbaycan vaxtilə iqtisadiyyatın həcminə görə dünyada ikinci yüzlükdə olsa da, hazırda ilk 70 ölkə sırasına daxil olub: "Bu, böyük göstəricidir".

Forumda Azərbaycanın 2015-ci il üçün büdcə siyasəti, neftin qiymətinin kəskin düşməsinin büdcəyə təsiri, dövlət maliyyəsinin idarə edilməsi məsələləri müzakirə olunub.

S.Şərifov qeyd edib ki, Xəzər Avropa Klubu çərçivəsində bu cür görüşlərin keçirilməsi, dövlət və özəl sektor arasında sıx əməkdaşlığın yaranmasına və nəticədə ölkə iqtisadiyyatının inkişafına səbəb olur.

Tədbirdə çıxış edən Xəzər Avropa Klubunun icraçı direktoru Telman Əliyevin sözlərinə görə, klub yarandığı gündən neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yatırılmasına vasitəçilik edib. Öz sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirməklə Caspian European Club 50 ölkədə çalışır, dövlət strukturları ilə özəl sektor arasında dialoqun inkişafı istiqamətində aktiv fəaliyyət göstərir.

Sonda maliyyə naziri S.Şərifova Xəzər Avropa Klubunun fəxri üzvlük sertifikatı təqdim edilib.

Həmçinin tədbir çərçivəsində Caspian European Club ilə Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, ATİB və TUSİAB arasında əməkdaşlığa dair fərdi memorandumlar imzalanıb.

Son xəbərlər

Orphus sistemi