​Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı dərinləşdirir

​Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı dərinləşdirir İki ölkənin investorlarının iştirakı ilə üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması təklif olunur
Biznes
5 Fevral , 2015 17:28
​Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı dərinləşdirir

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekcinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, Ş.Mustafayev iki ölkə arasında ikitərəfli və tranzit yükdaşımalarının inkişaf etdirilməsi, aqroparkların yaradılması, sənaye parklarına Türkiyə investorlarının cəlb edilməsi, eləcə də ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, kənd təsərrüfatı, qida, tekstil, turizm, bankçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi, üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması imkanlarının inkişaf etdirilməsini təklif edib.

Bundan başqa, Ş.Mustafayev yaxın iki ay ərzində üçtərəfli formatda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran iqtisadiyyat nazirlərinin görüşünün və biznes forumlarının təşkil olunmasını təklif edib və bu barədə razılığa gəlinib. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatında da bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Türkiyəli nazir isə öz növbəsində iki ölkə arasında mövcud potensialdan istifadə etməklə iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu qeyd edib.

Görüşdə iş adamları birliklərinin, o cümlədən Türkiyədə Azərbaycan İş adamları Birliyinin fəaliyyətinin dəstəklənməsinin davam etdirilməsi qərara alınıb.

İqtisadiyyat nazirlərinin görüşündə həmçinin "Petkim", "Star", Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars layihələrinin icrası, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Qeyd edək ki, indiyədək 40-ı iqtisadi sahədə olmaqla, Azərbaycan və Türkiyə arasında 190-a yaxın sənəd imzalanıb. Hazırda Azərbaycanda 2 600-dən çox Türkiyə şirkəti, Türkiyədə isə 1 600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycan Türkiyəyə 5 mlrd. ABŞ dolları, Türkiyə isə Azərbaycanda 6,3 mlrd. dollar həcmində investisiya yatırıb.

Son xəbərlər

Orphus sistemi