Yuxarı

​Azərbaycan və Rusiya gömrükçüləri görüş keçirəcək

Dövlət Gömrük Komitəsi Dağıstanda yaranan problemlə bağlı Nazirlər Kabinetini məlumatlandırıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 26-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələrinin növbəti işçi görüşü keçiriləcək. Bu barədə "Report"a Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Görüşdə məqsəd gömrük-keçid məntəqələrində meydana çıxan problemləri yerində həll etmək və keçid məntəqələrinin işinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək və bununla əlaqədar məlumat mübadiləsini həyata keçirməkdir.

Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələri müxtəlif keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələlərilə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mal dövriyyəsinin artımı və son günlərdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər və onların aradan qaldırılması yollarını müzakirə edəcəklər.

Hazırda Azərbaycan ərazisində istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin daha da sürətləndirilməsi üçün gömrük orqanlarına müvafiq tapşırıqlar verilib və görülən işlər nəticəsində malların ixrac həcminin artması müşahidə olunur. Lakin Rusiyada yol vergisinə dair qəbul edilməsi nəzərdə tutulan yeni qanun layihəsinə etiraz olaraq Dağıstan Respublikası ərazisində yük avtomobillərinin sürücüləri nəqliyyatın hərəkətini dayandırıb ki, bu da öz növbəsində Azərbaycandan aparılan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında problemlər yaradıb.

Qeyd olunur ki, hazırda Dərbənd stansiyasında Azərbaycandan aparılan kənd təsərrüfatı məhsulları ilə yüklənmiş 200-dək vaqon gözləyir. Bu problemlə əlaqədar DGK-nin rəhbərliyi Azərbaycan Nazirlər Kabinetini də məlumatlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi