Yuxarı

Azərbaycan və Qətər əmtəə dövriyyəsini artırmaq niyyətindədir

​Azərbaycan və Qətər əmtəə dövriyyəsini artırmaq niyyətindədir
Dohada Azərbaycan-Qətər Hökumətlərarası İqtisadi Komissiyasının ikinci iclası keçirilib

Bakı. 21 fevral. REPORT.AZ/ Dohada iqtisadiyyat üzrə Azərbaycan-Qətər Hökumətlərarası Komissiyasının ikinci iclası keçirilib.

Bu barədə "Report" Qətər KİV-inə istinadən xəbər verir.

Komissiyaya Qətər tərəfindən Baş nazirin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani, Azərbaycan tərəfdən isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir.

İclas zamanı Qətər Baş nazirinin müavini əl-Tani ikitərəfli əlaqələrin möhkəmləndirilməsi çərçivəsində ilk görüşün müsbət nəticələrinə toxunub. O xatırladıb ki, bu il Doha ilə Bakı arasında diplomatik əlaqələrin yaradılmasının 25 ili tamam olur.

Onun sözlərinə görə, Qətərin Əmiri Şeyx Tamim bin Həməd əl-Taninin 2016-cı ildə Bakıya və Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Dohaya etdikləri səfərlər ikitərəfli münasibətlərin dərinləşməsinə xidmət edib.

Baş nazirin müavini ötən ilin oktyabr ayında Dohada keçirilən IPEC beynəlxalq sərgisində Azərbaycanın iştirakını yüksək qiymətləndirib.

Nazir Kəmaləddin Heydərov da ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli səfərlərin, o cümlədən səfər zamanı bir sıra ikitərəfli sazişlərin imzalanmasının rolunu qeyd edib. Onun sözlərinə görə, hər iki ölkənin şirkətlərinin fəaliyyəti də ticarətin genişləndirilməsinə və əməkdaşlıq üçün yeni imkanların yaradılmasına kömək göstərir.

Görüşdə tərəflər əmtəə dövriyyəsinin artırılmasını, nümayəndə heyətlərinin, ticarət palatalarının nümayəndələrinin, iş adamlarının səfərlərinin mübadiləsini, eləcə də kiçik və orta müəssisələr üçün birgə ticarət tədbirlərinin təşkili məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Hökumətlərarası Komissiyanın ilk iclası 2017-ci il yanvarın 31-də Bakıda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi