Azərbaycan və Niderland biznes əlaqələrinin inkişafı üçün xüsusi mərkəz təsis edəcək

Azərbaycan və Niderland biznes əlaqələrinin inkişafı üçün xüsusi mərkəz təsis edəcək Bakıda Azərbaycan-Niderland biznes-forumu keçirilib
Biznes
17 May , 2016 11:25
Azərbaycan və Niderland biznes əlaqələrinin inkişafı üçün xüsusi mərkəz təsis edəcək

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Bakı "ADA" Universitetinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Təşkilatı (Azpromo) ilə birgə təşkil etdiyi II Azərbaycan-Niderland biznes-forumu keçirilib. 

“Report” xəbər verir ki, forumda 24 Niderland və 40-a yaxın Azərbaycan şirkətinin nümayəndələri iştirak ediblər. Tərəflər bir-birinin xidmət və istehsal dairələri ilə təqdimatlar vasitəsi ilə yaxından tanış olublar.

Forumun açılışında çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan və Niderland arasında keçirilən biznes-forumun əhəmiyyətindən danışıb. O, iki ölkə arasında əlaqələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu kimi əməkdaşlıq hər zaman liderlərin dəstəyi sayəsində mümkün olur. Dövlət başçısı bu məsələyə xüsusi diqqət göstərir. Azərbaycan üçün iqtisadiyyatı diversifikasiya etdirmək çox vacibdir. Sabah Bakıda  Azərbaycan və Avropa İttifaqı arasında biznes-forum keçiriləcək. Bu forumun da çox uğurlu olacağına ümid edirik. Bu görüşün yerli və Niderland şirkətləri üçün əhəmiyyəti böyük olacaq. Biznes və digər sahələrdə uğur əldə etmək bilikdən başlayır. Bu səbəbdən bizim universitet tələbələrinə ikili diplom təqdim edir".

H. Paşayev bildirib ki, Niderlanddan Azərbaycana 600 baş inək gətirilib: "Bu kimi münasibətlərin şaxələnməsi hər iki ölkənin iqtisadiyyatının inkişafına böyük təkandır".

Daha sonra çıxış edən Niderland Senatının üzvü Rene van der Linden qeyd edib ki, qarşılıqlı münasibətlər çərçivəsində Niderland şirkətləri Azərbaycana sərmayə yatıra bilər: “Azərbaycan Avropada böyük nüfuza malikdir. Artıq üçüncü dəfədir ki, Azərbaycanda bu cür görüş keçirilir. Biz Azərbaycan iqtisadiyyatının inkişaf etməsi və şaxələnməsi üçün öz tövfəmizi verə bilərik. Bu səbəbdən də forumda iştirak edən yerli və Niderland şirkətlərindən sıx əlaqələr qurmalarını məsləhət görürük. Hazırda bu əlaqələr qısamüddətli olsa da, gələcəkdə bu münasibətlər geniş və uzunmüddətli əlaqələrə çevriləcək”.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev çıxışında iki ölkə arasında iqtisadiyyat əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Niderlandin Azərbaycana yatırdığı investisiyalar 900 mln. dollardan çoxdur: “Bu, bizə imkan verir ki, əməkdaşlığımızı daha da dərinləşdirək. Niderlandın 900 mln. dollar investisiyasının 340 mln. dolları son 3 ildə qoyulub. Lakin bu da potensialımızı tam əks etdirmir, bu görüşlər məhz ortaq və yeni layihələrin yaranmasına təsir göstərmək üçün keçirilir. Bugünkü tədbir çərçivəsində 5 memorandum imzalanacaq. Bütün bunlar yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olacaq. Azərbaycan Niderland kənd təsərrüfatı sahəsində də sıx əməkdaşlıq qura bilər. Bu forumun əsas məqsədi yeni ideyaların, layihələrin, əlaqələrin, ölkə iqtisadiyyatının inkişafına səbəb olacaq addımların atılmasıdır. Azərbaycan ixrac potensialını daha da inkişaf etdirmək niyyətindədir. Eyni zamanda, turizm, kənd təsərrüfatı və digər sahələrdə inkişafa nail olmaq üçün yeni layihələr həyata keçirilir. Bu sahədə Niderland şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq”.

Tədbirdə çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Mir-Həmzə Əfəndiyev iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini deyib: “Bu həftə Niderland Həftəsi olub. Niderlandin iqtisadiyyat naziri Azərbaycana səfər edib. Bütün bu tədbirlər onu göstərir ki, Azərbaycan və Niderland əlaqələri uğurlu inkişaf yolundadır”.

Forum zamanı qarşılıqlı biznes əlaqələrinin genişləndirilməsi məqsədi ilə beş memorandum imzalanıb. Eyni zamanda, gələcəkdə Azərbaycan-Niderland biznes münasibətlərini dəstəkləyəcək və qarşılıqlı təmaslara yardımçı olacaq xüsusi mərkəzin də təsis edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi