Azərbaycan və İranın gömrük orqanlarının nümayəndələri görüşüb

Azərbaycan və İranın gömrük orqanlarının nümayəndələri görüşüb Görüşdə şəxsi nəqliyyat vasitələrilə hərəkət edən sərnişinlərin sərhəd keçidinin asanlaşdırılması məsələsi müzakirə edilib
Biznes
15 Aprel , 2017 09:30
Azərbaycan və İranın gömrük orqanlarının nümayəndələri görüşüb
Customs.gov.az

Bakı. 15 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsində DGK-nın və İranın Gömrük İdarəsinin nümayəndələri arasında işçi görüş keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, görüşdə DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq əlaqələri haqqında danışıb. 

İran nümayəndə he­yətinin rəhbəri, bu ölkənin Gilan Əyaləti üzrə Gömrük İdarəsinin baş direktoru Məhəmməd Şahbazi isə təmsil etdiyi qurumun sərhəd dövlətləri arasında ən çox azərbaycanlı həmkarları ilə əməkdaşlıq etdiyini bildirib.

Görüş zamanı tərəflər gömrük nəzarətini sürətləndirmək və asanlaşdırmaq məqsədilə İrandan Azərbaycana ixrac olunan və ya tranzitlə keçən tez xarab olan malların paletlərdə daşınmasının mümkünlüyü, "X-ray" operatorlarının təcrübə mübadiləsinə dair təlimlərin təşkili, gömrük hüquqpozmaları sahə­sində əməkdaşlığın genişləndirilməsi ilə narkotik vasitələr və qaçaqmalçılığa qarşı mübarizədə qabaqcıl təcrübələrin paylaşılması və şəxsi nəqliyyat vasitələrilə hərəkət edən sərnişinlərin sərhəd keçidinin asanlaşdırılması məsələlərini müzakirə ediblər.

Bununla yanaşı, tədbirdə hər iki tərəfin gömrük xidmətlərinin iş saatının uzadılmasının iki ölkə arasında gömrük məsələlərinin effektivliyinə və səmərəliliyinə töhfə verdiyi qeyd olunub.

İran tərəfi bu ilin martında Novruz bayramı ilə əlaqədar İrandan Azərbaycana səfər edən turistlərin sayının əvvəlki günlərdən daha çox olduğuna baxmayaraq, onların gömrük sərhəd-keçid prosedurlarında heç bir problem yaşanmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi