Azərbaycan, Türkiyə və Rusiya iş adamları yeni əməkdaşlığa başlayır

Azərbaycan, Türkiyə və Rusiya iş adamları yeni əməkdaşlığa başlayır Bu gün tərəflər arasında müqavilə imzalanıb
Biznes
3 İyul , 2015 14:25
Azərbaycan, Türkiyə və Rusiya iş adamları yeni əməkdaşlığa başlayır

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin iş planına uyğun olaraq Konqresin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi Şurasının sədri, Moldava Sənayeçiləri və Sahibkarları Milli Konqresinin prezidenti Vasili Tarlev bildirib ki, bu tədbir tərəflər arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

Son illərdə dünyada baş verən iqtisadi inkişaf tempinin gücləndiyi bir vaxtda belə bir konfransın keçirilməsinin önəmini qeyd edən V.Tarlev əlavə edib ki, Azərbaycan sürətlə inkişaf edir: "Özəl sektorun yüksəlişi ilə əlaqədar, sahibkarlar təşkilatları ilə hakimiyyət orqanları arasında dialoq təcrübəsinin öyrənilməsində maraqlıyıq".

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov da ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, son on ildə ölkənin əldə etdiyi iqtiadi nailiyyətlər barədə çıxış edib. O, deyib ki, Azərbaycanda ÜDM-in 83%-dən çoxu özəl sektorun payına düşür.

"Qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolu getdikcə artır. Sahibkarlığın inkişafında iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, onlar arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir”, - deyə S.Məmmədov bildirib.

ASK prezidenti Məmməd Musayev, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi ilə qurum arasındakı qarşılıqlı əməkdaşlıq, həyata keçirilən layihələr haqda məlumat verib: “Konfederasiya sahibkar, dövlət orqanları və yerli qurumlarla birgə iş görür. Biz həm də beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyümüzü bundan sonra da məmnuniyyətlə davam etdirəcəyik”.

Jurnalistlərə açıqlamasında Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) İdarə Heyətinin sədri Yavuz Keleş Azərbaycanda 20 ildir fəaliyyət göstərdiklərini deyib və bildirib ki, əməkdaşlığın bundan sonrakı istiqaməti üçüncü ölkələrə çıxmaqla davam etdiriləcək. "Biz artıq üçüncü ölkələrlə - Afrikanın bir sıra ölkələri ilə əməkdaşlıq edirik. Bu gün isə Rusiyadan gələn iş adamları ilə birgə əməkdaşlığa dair müqavilə imzaladıq. Bu müqavilənin Azərbaycan, Türkiyə və Rusiya üçün xeyirli olacağına ümid edirik", - deyə Y.Keleş qeyd edib.

Çıxışlardan sonra müasir dövrdə Konqresin fəaliyyətinin bəzi aktual məsələləri, milli ittifaq və birliklərlə qarşılıqlı fəaliyyəti, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bigə fəaliyyəti və digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi