Azərbaycan, Türkiyə və Gürcüstan kiçik və orta sahibkarları birlikdə elektron ticarət vasitəsilə dünya bazarlarına çıxır

Azərbaycan, Türkiyə və Gürcüstan kiçik və orta sahibkarları birlikdə elektron ticarət vasitəsilə dünya bazarlarına çıxır Azərbaycan məhsullarını “SME.market” platforması vasitəsilə elektron ticarətlə satacaq
Biznes
1 İyun , 2017 19:45
Azərbaycan, Türkiyə və Gürcüstan kiçik və orta sahibkarları birlikdə elektron ticarət vasitəsilə dünya bazarlarına çıxır

Bakı. 1 iyun.REPORT.AZ/ Türkiyədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ümumdünya Kiçik və Orta Sahibkarlıq Forumu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Konfederasiyadan "Report"a daxil olan məlumata görə, bundan sonra Azərbaycanın da kiçik və orta sahibkarları öz məhsullarını SME.market” platforması vasitəsilə elektron ticarətlə vasitəsilə satacaqlar.

Qeyd edək ki, Dünya Kiçik və Orta Sahibkarlar (KOS) Forumunun təqdim etdiyi "SME.market" e-ticarət platforması hələlik pilot layihə formatında həyata keçiriləcək. Layihə vasitəsilə Azərbaycan, Türkiyə və Gürcüstanınkiçik və orta sahibkarlarının xarici bazarlara çıxış imkanları sadələşəcək.

Bununla əlaqədar Türkiyədə Dünya Kiçik və Orta Sahibkarlar Forumunun sədri M.Rifat Hisarcıklıoğlu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Gürcüstan Ticarət və Sənaye Palatasının rəhbəri Kaha Bainduraşvilinin iştirakı ilə tədbir keçirilib. Qarşılıqlı müzakirə zamanı isə tərəflərin birgə fəaliyyəti, yeni əməkdaşlıq imkanları, hədəflərə toxunulub.

Dünya Kiçik və Orta Sahibkarlar Forumunun sədri M.Rifat Hisarcıklıoğlu bildirib ki, artıq ənənəvi ticarətin qaydaları dəyişir. Dünya Kiçik və Orta Sahibkarlar Forumunun beynəlxalq onlayn platforması olan “SME.market” vasitəsilə internet resursların bütün imkanları kiçik və orta sahibkarlar üçün əlçatan olacaq. Pilot layihə ilk olaraq Azərbaycan, Türkiyə və Gürcüstan KOS-larını əhatə edəcək.

M.Musayev bildirib ki, birgə əməkdaşlığın daha səmərəli təşkili istiqamətində KOS-ların elektron ticarətə qoşulması zamanı əldə edilmiş təcrübənin, bilik və bacarıqların qarşılıqlı olaraq biri-birinə ötürülməsini, KOS-ların elektron ticarət barədə məlumatlılığının artırılması istiqəmətində təlimlərin, konfransların, seminarların keçirilməsinə ehtiyac var. Azərbaycan Sahibkarlar Konfederasiyası görülən işlərdən toplanan təcrübənin digər tərəfdaşlarla paylaşılması, birgə KOS-ların elektron ticarətə qoşulmasını təşviq edən, bunu sürətləndirən proqramların, mexanizmlərin hazırlanması məqsədilə tədbirlər görəcəyini açıqlayıb.

Tədbirdə qərara alınıb ki, "SME.market" ilə Azərbaycanda fəaliyyət göstərən e-ticarət platforması “Azexport” arasında əlaqə yaradılsın. Bununla da, yerli məhsullarımızın xarici bazara çıxış imkanları bir qədər də genişlənəcək. Nəticədə sahibkarlar daha böyük həcmdə sifarişlər alavə vaxt itirmədən satışı həyata keçirə biləcəklər. Kiçik və orta sahibkarların bu proqramdan rahatlıqla istifadə edilməsi üçün tezliklə e-ticarətdən istifadə qaydalarına dair hər üç ölkədə təlimlərə start veriləcək.

Qeyd edək ki, bu platforma inkişaf etməkdə olan ölkələrdəki KOS-ların çox asanlıqla elekton ticarətə qoşulmasını təmin edir. Platformada qeydiyyat çox sadədir, heç bir xüsusi İKT bilikləri tələb etmir. Bununla yanaşı, platforma bütün əsas elektron ticarət platformaları ilə əlaqəlidir. Bu isə SME.market platformasına qoşulmuş KOS-ların rahatlıqla dünya elektron ticarət bazarına daxil olmasını təmin edir.

Son xəbərlər

Orphus sistemi