Azərbaycan tranzit yüklərin daşınması üzrə güzəştləri artıra bilər

Azərbaycan tranzit yüklərin daşınması üzrə güzəştləri artıra bilər Azərbaycanın İranla sərhəd-keçid məntəqələri fasiləsiz iş rejiminə keçiriləcək
Biznes
15 Dekabr , 2015 11:19
Azərbaycan tranzit yüklərin daşınması üzrə güzəştləri artıra bilər

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycandakı tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30%-dən artıq müəyyən edilməsi məsələsinə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən baxıla bilər. “Report” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının ölkə ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilib.

Ş.Mustafayevin sözlərinə görə, sözügedən xidməti göstərən subyektlər tərəfindən tariflərə 30%-dək güzəştlər tətbiq edilə bilər: “Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2%-dək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır. Həyata keçirilmiş işlər və nəzərdə tutulan tədbirlər Azərbaycanın tranzit cəlbediciliyini və tranzit yükdaşımalarından gəlirlərini artırmaqla, bu sahədə şəffaflıq təmin ediləcək”.

Nazir bildirib ki, son zamanlar Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görülüb. Onun dediklərinə əsasən, bu sahədə xüsusilə Azərbaycan və İran tərəfindən həyata keçirilən işlər intensivləşdirilib: “Belə ki, bu ilin oktyabrında Azərbaycanın və İranın nümayəndələrinin Astara şəhərində keçirilən görüşləri zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsinə, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsinə, bu sahədə prosedurların sadələşdirilməsinə və digər məsələlərə dair razılıqlar əldə olunub”.

Son xəbərlər

Orphus sistemi