Bakı. 27 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı" çərçivəsində sahibkar və menecerlər arasında müsabiqə elan edib.
"Report" Nazirliyin məlumatına əsasən bildirir ki, müsabiqədən keçən sahibkarlar Almaniyada "İqtisadi kooperasiya" üzrə 20 gün müddətində ixtisasartırma kursunda iştirak edəcəklər.
Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.
Kurs dövründə Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.
Qeyd edək ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə dekabrın 10-11-də keçiriləcək.