Yuxarı

Azərbaycan Sahibkarlar Konfederasiyasında BƏT nümayəndələri ilə görüş keçirilib

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. 8 iyul. REPORT.AZ/ Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüblər. BƏT-in əməkdaşları Mixail Puşkin və Yuliya Surina ilə keçirilən görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu barədə "Report"a ASK-nın mətbuat xidmətindən məlumat verilib.

ASK-nın prezidenti M.Musayev bildirib ki, Konfederasiyanın iş planına uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq daim gücləndirilir. Xüsusilə də BƏT-lə əməkdaşlıq Konfederasiya üçün olduqca əhəmiyyətlidir. O, qeyd edib ki, bu günədək bir neçə birgə layihə həyata keçirilib, növbəti layihələrdə də ASK yaxından iştirak edəcək.

Görüşdə, həmçinin sentyabrın 7-11-də Bakıda keçiriləcək tədbirin detalları da müzakirə olunub.

BƏT eksperti M.Puşkin bildirib ki, Təşkilat Azərbaycanla, xüsusilə də ASK ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır. Sentyabrda Bakıda keçiriləcək tədbirlə bağlı da ətraflı məlumat verən qonaq qeyd edib ki, tədbirdə Azərbaycan və Rusiya ekspertleri məşğulluq sahəsində müzakirələr apararaq, qarşılıqlı qiymətləndirmə prosesini həyata keçirəcəklər. Tədbir Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə həyata keçiriləcək, Azərbaycan tərəfindən ƏƏSMN Məşğulluq Xidmətinin əməkdaşları, həmçinin sosial partnyorların ASK və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ekspertlərinin iştirakı da gözlənilir. Rusiya tərəfindən də eyni qaydada həm nazirlik, həm də sosial partnoyorların ekspertlərinin də iştirakı nəzərdə tutulur. Belə ki, Rusiya ekspertləri Azərbaycanda məşğulluq sahəsində görülən işlərlə tanış olacaq, məşğulluq mərkəzlərini ziyarət edəcəklər. Görüşlərinin nəticəsi olaraq onlar tərəfindən Azərbaycanda aparılan məşğulluq siyasəti qiymətləndiriləcək, bununla bağlı hesabat hazırlanacaq.

Bu tip görüşmələrin (təcrübə mübadilələri, ekspert qiymətləndirmələri) nəticələri isə cari ilin oktyabr ayında Soçidə (Rusiya) keçiriləcək məşğulluq üzrə subregional konfransda müzakirə ediləcək. Konfransa BƏT tərəfindən ASK-nin də dəvət olunması nəzərdə tutulur.

Görüşdə müzakirə olunan daha bir məsələ isə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində görülən işlər olub. Bu ilin iyun ayının sonunda İstanbulda "Hər kəs üçün - Korporativ Sosial Məsuliyyət" çərçivəsində keçirilən tədbirdə iştirak etmiş ASK-nın nümayəndəsi tədbirlə bağlı məlumat verib. Həmçinin qonaqların diqqətinə çatdırılıb ki, artıq KSM üzrə Milli Araşdırma Hesabatı hazırlanıb və İstanbulda bu hesabatın təqdimatı keçirilib. İl ərzində ASK tərəfindən bu hesabatın ayrıca hazırlanaraq Azərbaycan biznes nümayəndələrinə təqdimat olunması nəzərdə tutulur.

Görüş zamanı qeyd olunub ki, ASK Korporativ Sosial Məsuliyyət (KSM) üzrə hesabatın da təqdimatını özündə ehtiva edən çoxsaylı biznes nümayəndələrinin və BƏT ekspertlərinin iştirakı ilə KSM layihəsi ilə bağlı tədbir keçirməyi planlaşdırır.

Görüşdə,  həmçinin Konfederasiya ilə BƏT arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi