Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun (World SME Forum) icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) görüş keçirib.
"Report" xəbər verir ki, görüş zamanı iki qurum arasında gələcək əməkdaşlıq, birgə layihələrin icra mexanizmləri, kiçik və orta sahibkarlıq (KOS) və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Konfederasiyanın fəaliyyəti ilə bağlı məlumat verən ASK-nın prezidenti Məmməd Musayev deyib ki, son vaxtlar kiçik və orta sahibkarların işinin asanlaşması üçün bir çox tədbirlər görülür: "Dünya təcrübəsi Azərbaycanda tətbiq edilir. Bu təşkilatla əməkdaşlıq KOS-un fəaliyyətini canlandıracaq".
T.Uyanık "World SME Forum"unun ASK ilə əməkdaşlıqda maraqlı olduğunu və KOS-un inkişafında Azərbaycana dəstək olacaqlarını qeyd edib.
Tədbirin sonunda ASK ilə "World SME Forum"u arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"World SME Forum"una ilk üzv ASK oldu. Bundan sonra ASK Dünya Kiçik və Orta Sahibkarlar Forumu Baş Assambleyasının üzvü kimi təmsil olunacaq.