Yuxarı

Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib

İclasda 50-yə yaxın aparıcı şirkətlərin nümayəndələri iştirak ediblər

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a bidlirilib ki, iclasdaiki ölkənin  kənd təsərrüfatı və qida sənayesi, tikinti, maliyyə və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 50-yə yaxın aparıcı şirkətlərinin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini vurğulayıb. Azərbaycan-Rusiya İşgüzar Şurasının əhəmiyyətindən danışan nazir müavini İşgüzar Şuranın iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunun böyük olduğunu qeyd edib: “Şuranın qarşıda duran vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminəm. Azərbaycan şirkətlərini Şuranın imkanlarından yararlanmaqla rusiyalı həmkarları ilə əməkdaşlığı genişləndirməyə çağırıram”.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri, tanınmiş iş adamı İsgəndər Xəlilov Şuranın əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb, iki ölkə arasında investisiya fəallığının artırılması, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından Şura qarşısında duran vəzifələrdən danışıb. O sahibkarları Azərbaycan-Rusiya İşgüzar Şurası ilə fəal əməkdaşlığa dəvət edib.

"Azpromo"nun vitse-prezidenti Yusif Abdullayev, “Atəşgah Həyat Sığorta” şirkətinin Direktorlar Şurasının sədri İntiqam Hüseynov biznes dairələri arasında əlaqələrin inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Tədbirdə iş adamları arasında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi