Azərbaycan qeyri-neft sektoru üzrə adambaşına ixracı 3 dəfəyə yaxın artıracaq

Azərbaycan qeyri-neft sektoru üzrə adambaşına ixracı 3 dəfəyə yaxın artıracaq ARDNF-in dövlət büdcəsi gəlirlərindəki payının isə 50%-dən 15%-ə endirilməsi nəzərdə tutulub
Biznes
10 Dekabr , 2016 09:58
Azərbaycan qeyri-neft sektoru üzrə adambaşına ixracı 3 dəfəyə yaxın artıracaq

Bakı. 10 dekabr. REPORT.AZ/ 2015-ci ilin yekununda Azərbaycandan qeyri-neft sektoru üzrə adambaşına ixracın dəyəri 170 ABŞ dolları təşkil edib. “Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bildirilir.

Sənədə əsasən, 2025-ci ilə qədər sözügedən rəqəmin 3 dəfəyə yaxın artırılaraq 450 dollara çatdırılması nəzərdə tutulub. “2015-ci ildə Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına 1000 dollar olub. İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan adambaşına 1500 ABŞ dolları həcmində məhsul ixrac olunub ki, bunun da 90%-ni neft və qaz məhsulları təşkil edib. Mal və xidmətlərin idxalının ixrac ilə balanslaşdırılması iqtisadi müstəqillik və sabitlik üçün son dərəcə vacibdir, lakin neft qiymətlərindən asılılığı azaltmaq üçün daha çox qeyri-neft sektoru məhsullarının ixracına ehtiyac vardır”, - deyə “Strateji Yol Xəritəsi”ndə qeyd olunub.

Bundan başqa, sənəddə deyilir ki, qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ümumi daxili məhsulundakı (ÜDM) payının hazırkı 2,627%-lik göstəricidən 2025-ci ilə qədər 4%-ə çatdırılması planlaşdırılır: “İqtisadiyyatın şaxələndirilməsində xarici investorların rolu çox əhəmiyyətlidir. Belə ki, xarici investorların töhfəsi yalnız sərmayə qoyuluşundan ibarət deyil, onlar eyni zamanda yeni sektorlara və dəyər zəncirlərinə daxil olmaq üçün zəruri olan yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə imkanları gətirirlər. İqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektoruna daha çox investisiya cəlb edilməsini tələb edir”.

“Strateji Yol Xəritəsi” həmçinin ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yerinin yaradılmasını nəzərdə tutur. “Vətəndaşlar üçün iş yerlərinin yaradılması daim dövlətin prioritetlərindəndir. Lakin bəzi sektorların iqtisadi təsir imkanları digərləri ilə müqayisədə daha genişdir. İxracın şaxələndirilməsi üçün ticari mal və xidmətlər sektorunda, yəni beynəlxalq səviyyədə satıla bilən məhsulların (məsələn, sənaye və ya qida məhsulları) və ya xidmətlərin (məsələn, turizm və ya nəqliyyat) istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruridir. Ticari mal və xidmətlər sektorunun iştirakçıları beynəlxalq rəqabətlə üzləşirlər və bu da adətən, məhsuldarlıqda sürətli artıma gətirib çıxarır”, - deyə sənəddə qeyd olunub.

Azərbaycan hökuməti həmçinin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsi gəlirlərindəki payını təxminən 3 dəfə azaltmağı planlaşdırır: “Bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50%-i) ARDNF-dən edilən transfertlərin hesabına maliyyələşdirilir. Bu rəqəm 2025-ci ilə qədər 15%-ə endirilməlidir. ARDNF-in transfert edə biləcəyi məbləğ onun gəlirləri ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilib. Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir. İqtisadiyyatda özəl investisiyaların payını artırmaq üçün sabit artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin Fondun transfertlərindən daha az asılı olmasını tələb edir”.

Son xəbərlər

Orphus sistemi