Azərbaycan ötən il qeyri-neft məhsullarının ixracını 10% artırıb

Azərbaycan ötən il qeyri-neft məhsullarının ixracını 10% artırıb Bakı. 1 fevral. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan 1,689 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
Biznes
1 Fevral , 2019 11:17
Azərbaycan ötən il qeyri-neft məhsullarının ixracını 10% artırıb

Bakı. 1 fevral. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan 1,689 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar buraxılışına istinadən xəbər verir.

Məlumata görə, bu, 2017-ci ilə nisbətən 151 mln. dollar və yaxud 10% çoxdur.

Ötən il Rusiyaya 619,2 mln. dollar, Türkiyəyə 344,9 mln. dollar, İsveçrəyə 135,4 mln. dollar Gürcüstana 124,5 mln. dollar, Qazaxıstana isə 44,6 mln. dollar dəyərində qeyri-neft məhsulu ixrac olunub. 2017-ci illə müqayisədə qeyri-neft ixrac Rusiyaya 12%, Türkiyəyə 18%, İsveçrəyə 1%, Qazaxıstana 36% artıb, İsveçrəyə 6%, Gürcüstana isə 10% azalıb.

Azərbaycan ixrac etdiyi qeyri-neft məhsullarının siyahısında ilk yerləri pomidor (177,4 mln. dollar dəyərində), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda, 118 mln. dollar dəyərində) və xurma (114,5 mln. dollar dəyərində) olub.

Ümumiyyətlə, ötən il meyvə-tərəvəz ixracı 560 mln. dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,6 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 mln. dollar, elektrik enerjisinin ixracı 65,6 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 mln. dollar, pambıq lifi ixracı 80,5 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 78,1 mln. dollar, pambıq ipliyi ixracı 24 mln. dollar dəyərində olub. İllik müqayisədə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29%, pambıq ipliyinin ixracı 49%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 17%, meyvə-tərəvəzin ixracı 11%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4% artıb.

Təkcə ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixracın dəyəri 157 mln. dollar təşkil edib. Dekabrda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (63,8 mln. dollar dəyərində) başçılıq edib. Daha sonra siyahıda Türkiyənin (23,6 mln. dollar dəyərində), İsveçrənin (12,2 mln. dollar dəyərində), Gürcüstanın (7,4 mln. dollar dəyərində), İranın (5,4 mln. dollar dəyərində) və digər ölkələrin adları var.

Ay ərzində qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 mln. dollar dəyərində) birinciliyi ələ alıb. Pomidor (15,2 mln. dollar dəyərində) və fındıq ləpəsi (13,4 mln. dollar dəyərində) isə ikinci və üçüncü yerlərdə qərarlaşıb.

2018-ci ildə Azexport.az portalına 514 mln. dollarlıq ixrac sifarişi daxil olub.

Son xəbərlər

Orphus sistemi