Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib

Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib Bakı. 21 sentyabr. REPORT.AZ/ Çinin Sıçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərində 17-ci Qərbi Çin Beynəlxalq Sərgisi işə başlayıb.
Biznes
21 Sentyabr , 2018 12:57
Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib
economy.gov.az
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ Çinin Sıçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərində 17-ci Qərbi Çin Beynəlxalq Sərgisi işə başlayıb. 

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, BMT-nin İnkişaf Proqramının dəstəyi və Sıçuan vilayəti hökumətinin təşkilatçılığı ilə keçirilən “Çin yeni erada, Qərbi Çinin yeni uğurları” adlı bu ilki sərgidə yerli iştirakçılarla yanaşı, Azərbaycanın və bir sıra xarici ölkələrin nümayəndələri də təmsil olunub.

Ümumi sahəsi 260 min kvadratmetr olan sərginin açılış mərasimində çıxış edən Çin Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Xu Çunxua bildirib ki, sərginin əsas məqsədi “Bir kəmər, bir yol” strategiyasının icrasına dəstək vermək, regional inkişafı təşviq etməkdir.

Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyəti Sıçuan vilayətinin liman şəhərlərindən olan Lucounun sərgidəki pavilyonu ilə tanış olub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin, Lucou şəhər hakimiyyətinin və “Eastern Allfriends” şirkətinin təşkilatçılığı ilə yaxın günlərdə Lucou şəhərində “Azərbaycan Ticarət Evi” açılacaq. Lucou şəhərinin Qərbi Çin Beynəlxalq Sərgisindəki pavilyonunda “Azərbaycan Ticarət Evi” barədə videoçarxlar göstərilir. Bundan başqa, pavilyonda “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, müxtəlif suvenirlər nümayiş olunur. Lucou pavilyonunu ziyarət edənlərə “Azərbaycan Ticarət Evi”, ölkəmizdə istehsal edilən keyfiyyətli məhsullar, Azərbaycanın biznes və investisiya mühiti, logistika və turizm potensialı, xalqımızın zəngin mədəniyyəti barədə ətraflı məlumat verilir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahib Məmmədovun Sıçuan vilayətinin vitse-qubernatoru Pen Yusin ilə görüşündə ölkələr arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Sıçuan vilayəti ilə Azərbaycan arasında münasibətlərin tarixinə toxunan vitse-qubernator 2008-ci ildə dağıdıcı zəlzələdən sonra vilayətdə orta məktəb binasının inşasına Azərbaycanın göstərdiyi maddi yardımı məmnunluqla xatırlayıb, vacib nəqliyyat-logistika imkanları olan Azərbaycanın potensialının Çində maraq doğurduğunu, bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Nazir müavini Sahib Məmmədov Azərbaycan-Çin münasibətlərin dövlət başçılarının siyasi iradəsi ilə hərtərəfli inkişaf etdiyini bildirib. İki ölkə arasında əməkdaşlığa dair müxtəlif sənədlərin imzalanması, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycandan Çinə ixrac missiyalarının təşkili, Çində Azərbaycanın ticarət nümayəndəliyinin fəaliyyətə başlaması, Urumçidə “Azərbaycan Şərab Evi”nin açılması, biznes forumlarının təşkili və s. qarşılıqlı əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Nazir müavini Sahib Məmmədov Azərbaycanın tranzit-logistika imkanları, o cümlədən Bakı-Tbilisi Qars dəmir yolu layihəsinin də daxil olduğu Transxəzər nəqliyyat dəhlizi barədə məlumat verib, Çin yüklərinin Avropaya və əksinə istiqamətdə qısa müddətdə daşınmasında bu potensialdan istifadənin hər iki tərəf üçün faydalı olacağını bildirib.

S.Məmmədovun Lucou şəhərinin meri Liu Çian ilə görüşündə tarixi İpək yolu üzərində yerləşən Azərbaycanın müasir dövrdə Avropa ilə Asiya arasında nəqliyyat dəhlizi rolunu oynadığı vurğulanıb.

Mer Lucou şəhəri ilə Azərbaycan arasında əlaqələrə toxunaraq, yaxın günlərdə şəhərdə açılacaq “Azərbaycan Ticarət Evi”nin bu əməkdaşlığa böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Nazir müavini S.Məmmədov öz növbəsində “Azərbaycan Ticarət Evi”nin açılmasının iqtisadi-ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, Lucouda Azərbaycanın tanıdılmasına, mədəni və turizm sahəsində əməkdaşlığa da müsbət təsir edəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi