Azərbaycan məhsulları “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

Azərbaycan məhsulları “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq Sərgidə Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliğinə dair videoçarx nümayiş olunacaq
Biznes
2 Fevral , 2018 19:38
Azərbaycan məhsulları “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 5-dən 9-dək Rusiya Federasiyasının paytaxtı Moskvada “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hər il təqribən 60 min ziyarətçinin qatıldığı sərgidə bu il 65 ölkədən 2000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı gözlənilir.

Sərgidə Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq. Belə ki, Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə sərginin Azərbaycana aid pavilyonunda meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək. Ümumilikdə, Azərbaycan “Prodexpo” sərgisində 25-dən çox şirkətlə təmsil olunacaq.

Bundan başqa, sərgidə Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliğinə dair videoçarx nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

Son xəbərlər

Orphus sistemi