Bakı. 9 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Almaniyada keçiriləcək ANUGA beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.
İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, sərgi 2017-ci il oktyabrın 7-dən 11-dək Köln şəhərində açılacaq. Vahid ölkə stendində iştirak edəcək ixracatçıların sayı maksimum 30 olmalıdır. İştirakçılar müsabiqə əsasında seçiləcək.
İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçısı ilə keçirilən müsabiqə gələn il iyulun 4-də "Azpromo"da təşkil olunacaq.
Müsabiqə iştirakçıları tələb olunan sənədləri iyunun 12-dək "Azpromo"ya (Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32) təqdim etməlidirlər.