Azərbaycan idxaldan asılılığı 30% azaltmaq niyyətindədir

Azərbaycan idxaldan asılılığı 30% azaltmaq niyyətindədir Nazir: "Ölkə sahibkarlığı ilk öncə daxili istehsalın inkişafını prioritet olaraq qarşısına məqsəd qoymalıdır"
Biznes
30 Yanvar , 2017 14:32
Azərbaycan idxaldan asılılığı 30% azaltmaq niyyətindədir

Bakı. 30 yanvar. REPORT.AZ/ “Ölkənin məhsul idxalından asılılığının azaldılması üçün daxili istehsalın, iqtisadiyyatın, sənayenin inkişaf etdirilməsi kimi mühüm məsələlərə bu gün ölkə başçısı şəxsən nəzarət edir”.

“Report” xəbər verir ki, bunu bu gün Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda sahibkarların sualını cavablandıran iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ilk növbədə daha çox idxal edilən məhsullardan asılılığın azaldılması istiqamətində tədbirlər həyata keçirilməlidir: “Dövlət başçısına bu məhsulların siyahısı təqdim olunub. Dövlət başçısı bununla bağlı çağırış etdi ki, biz hansı məhsulu xaricdən daha çox idxal ediriksə, sahibkarlar həmin məhsulları istehsal etsinlər. Bunun sayəsində ölkənin idxal etdiyi məhsullardan asılılığı 10-30% azala bilər. Sahibkarlar ilk növbədə dövlət qurumları ilə birlikdə ölkəmizdə hansı məhsulların idxalında asılılığımızın olduğunu müəyyən etməlidirlər. Müəyyən oldunduqdan sonra biz həmin məhsulların Azərbaycanda istehsalının təşkili istiqamətində çalışmalıyıq. Sahibkarlar isə təklif edirlər ki, biz həmin məhsulların ölkəyə idxalını yüngülləşdirək. Biz idxalın yüngülləşdirilməsini təşviq etməli deyilik. Burada əsas məqam ölkədə bu məhsulların istehsalının təşkilidir, ilk növbədə bunu dəstəkləməliyik. Sahibkarlara da bunu təklif edirik”.

Ş.Mustafayev vurğulayıb ki, konfransdan sonra sahibkarlarla İqtisadiyyat Nazirliyində görüşlər keçiriləcək: “Dövlət başçısının təhlil etdiyi bu siyahını sahibkarlara təqdim edəcəyik. Daha sonra sahibkarlarla birlikdə idxaldan daha çox asılı olduğumuz məhsulların istehsalı ilə bağlı təşviqat işləri həyata keçiriləcək. Misal olaraq, ölkədə 30-40 min hektar ərəzidə çuğundur istehsalı 2 mln. tondur, bu qədər çuğundur isə 200 min ton şəkər deməkdir. Bu gün Azərbaycan xam şəkərin idxalına ildə 185 mln. ABŞ dolları vəsait ödəyir. Bu istehsalı özümüz həyata keçirsək, bu vəsait Azərbaycanın daxili işlərinə yönəldilər. Şərabçılıq sahəsində də problemlər var. Şərab istehsalı üçün də biz butulka, probkalar və digər vasitələri idxal edirik. Çalışmalıyıq məhz bu sahələrdə istehsal olsun. Ölkə sahibkarlığı ilk öncə strateji yol olaraq daxili istehsalın inkişafını prioritet olaraq qarşısına məqsəd qoymalıdır”.

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə çıxışında bildirib ki, hazırda ölkədə arıçılığın inkişafı istiqamətində tədbirlər həyata keçirilir: “Bunun üçün artıq Arıçılar Assosiasiyasına xüsusi göstərişlər verilib. Bununla bağlı sahibkarlarla görüşlər keçiriləcək. Eyni zamanda, kənd təsərrüfatı sektorunda bir çox sahələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılacaq. Lakin inkişaf istiqamətində görüləcək işləri təkcə dövlət qurumlarına həvalə etmək lazım deyil. Sahibkarlar da bu işlərdə maraqlı olmalıdır. Təkliflər irəli sürülməlidir, birlikdə təşviqat işləri aparmalıyıq”.

Son xəbərlər

Orphus sistemi